FED-in qərarına sözardı: ABŞ-Avropa fərqi dərinləşdi, Tramp əsib-coşdu
Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı ("Fed") yanvar ayı iclasında faiz dərəcələrini dəyişdirməyərək 4,25-4,50% aralığında sabit saxladı. Bazar gözləntilərinə uyğun olaraq qəbul edilən bu qərar, Tramp administrasiyasının işə başlamasından sonra keçirilən ilk pul siyasəti iclası oldu.
ABŞ iqtisadiyyatının dayanıqlılığını qoruduğu vurğulanarkən, əmək bazarının güclü olduğu bildirildi. Lakin inflyasiyanın hələ də “bir qədər yüksək” səviyyədə qalması səbəbindən "Fed" dekabr ayındakı ehtiyatlı mövqeyini təkrarladı. Siyasət bəyanatında faiz endirimlərinin vaxtı və miqyasının iqtisadi göstəricilərə əsasən müəyyənləşdiriləcəyi qeyd olundu.
Avropada tamamilə fərqli mənzərə
"Fed"in dekabr ayında inflyasiya proqnozunu 2025-ci il üçün 2,5%-ə yüksəltməsi faiz endirimi gözləntilərini zəiflətdi. Bank, sentyabr ayında dörd faiz endirimi proqnozlaşdırdığı halda, bu rəqəmi ikiyə endirərək daha sərt mövqe nümayiş etdirdi.
"Fed" sədri Cerom Pauell (Jerome Powell) faiz dərəcələrinin artıq neytral səviyyələrə yaxınlaşdığını və gələcək faiz endirimlərinin ehtiyatla həyata keçirilməli olduğunu bildirdi. ABŞ iqtisadiyyatının gücü və inflyasiyanın davamlılığı "Fed"in ehtiyatlı mövqeyini qorumasına səbəb olduğu halda, Avropada tamamilə fərqli bir mənzərə müşahidə edilir. Avrozonada iqtisadi artım zəifləyir və inflyasiya 2%-lik hədəfə yaxınlaşmağa davam edir.
Almaniya hökuməti 2025-ci il üçün iqtisadi artım proqnozunu 1,1%-dən 0,3%-ə endirdi. Almaniyanın iqtisadiyyat naziri Robert Habek (Robert Habeck) ölkə iqtisadiyyatının uzun müddətdir durğunluq içində olduğunu, işçi qüvvəsi çatışmazlığının, bürokratiyanın və qeyri-kafi investisiyaların artıma mənfi təsir etdiyini bildirib.
Avro Fed qərarından sonra 1,04 səviyyəsinə düşdü
"Fed"in faizləri sabit saxlamasının ardından dollar gücləndi və EUR/USD məzənnəsi 1,04 səviyyəsinə gerilədi. Bu azalma, "Fed" və Avropa Mərkəzi Bankı ("ECB") arasındakı siyasət fərqinin daha da aydınlaşması ilə əlaqələndirilir.
Bazar iştirakçıları "Fed"in 2025-ci ildə iki faiz endirimi edəcəyini və ilk endirimin iyun ayında olacağını proqnozlaşdırır. Digər tərəfdən, "ECB"nin ilin sonuna qədər dörd faiz endirimi həyata keçirəcəyi gözlənilir. Bu gözləntilər avronu ABŞ dolları qarşısında təzyiq altında saxlayır.
Trampdan Fed və Pauellə sərt tənqid
ABŞ prezidenti Donald Tramp, "Fed"in faiz qərarını elan etməsindən sonra sosial media hesabında Cerom Pauell və "Fed" rəhbərliyini sərt tənqid edib. Tramp, mərkəzi bankın “yaratdığı inflyasiya problemini həll edə bilmədiyini” və “bank sektorunu pis idarə etdiyini” iddia edib.
Tramp, həmçinin "Fed"in iqtisadi siyasətlərdən çox “müxtəliflik, gender ideologiyası, yaşıl enerji və saxta iqlim dəyişikliyi” kimi mövzularda diqqət topladığını bildirib. O, öz iqtisadi planları barədə mesaj verərək “Amerika enerji istehsalını artırmaq, tənzimləmələri azaltmaq, beynəlxalq ticarəti yenidən balanslaşdırmaq və ABŞ istehsalını canlandırmaq” yolu ilə inflyasiya ilə mübarizə aparacağını qeyd edib.
"Fed" sədri Cerom Pauell faiz qərarından sonra keçirdiyi mətbuat konfransında Trampın tənqidlərinə cavab verməkdən yayınıb. O, “Prezidentin sözləri ilə bağlı heç bir şərh verməyəcəyəm, bu uyğun olmaz” deyərək "Fed"in müstəqil mövqeyini qoruyacağını vurğulayıb.
"Goldman Sachs" və "DoubleLine Capital"-dan Fed şərhi
"Goldman Sachs"ın baş icraçı direktoru Devid Solomona görə, "Fed"in 2025-ci il boyunca faiz qərarlarını dar bir diapazonda saxlaması gözlənilir. Solomon bildirib ki, “əgər inflyasiya göstəricilərində əsaslı bir dəyişiklik olmazsa, "Fed"in pul siyasətində əhəmiyyətli dəyişiklik etməsi gözlənilmir.”
"DoubleLine Capital"ın qurucusu Cefri Qundlaç (Jeffrey Gundlach) isə "Fed"in növbəti iclasında faiz endirimi etməyəcəyini bildirib. Onun sözlərinə görə, 2025-ci ildə maksimum iki faiz endirimi ola bilər, lakin ən mümkün ssenari yalnız bir endirimdir.
ECB-dən faiz endirimi gözlənilir
Avropa Mərkəzi Bankının ("ECB") qarşıdakı iclasında faiz endirimi edəcəyi böyük ehtimalla gözlənilir. "ECB" rəsmiləri, Avrozonada zəif iqtisadi artım və azalan istehlak səbəbindən pul siyasətinin yumşaldılmasının davam etməli olduğu fikrini bölüşürlər.
"ECB"nin depozit faizini 25 baza bəndi endirərək 2,75%-ə salması proqnozlaşdırılır. Qlobal bazarlarda "Fed"in sərt mövqeyini qoruması və "ECB"nin faiz endirimlərinə davam etməsi dolların güclənməsinə və avronun təzyiq altında qalmasına səbəb olur.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay