BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
62124

Sam Altman, yalnız "OpenAI" ilə deyil, həm də nüvə enerji texnologiyası üzərində işləyən "Oklo" şirkəti ilə insanlıq üçün parlaq gələcək qurmağa çalışır. "Oklo" süni intellektin inkişafı üçün tələb olunan yüksək enerji ehtiyaclarını qarşılayacaq təmiz və etibarlı nüvə enerjisi texnologiyaları yaradır.

Süni intellekt və məlumat mərkəzlərinin artan enerji tələbatı, yaxın gələcəkdə təklifi üstələyə bilər. Bu isə texnologiya şirkətləri üçün ciddi problem yarada bilər. Nüvə enerjisi iqlim dostu bir həll kimi təqdim edilsə də, bəzi mütəxəssislər bu layihələrin geniş ictimaiyyət üçün faydasını sorğulayır.

“Texnologiya şirkətləri öz maraqlarını qoruyurlar, lakin həmin nüvə təchizatçılarının ictimaiyyət üçün əlavə nüvə elektrik stansiyaları satıb-sata bilməyəcəyi başqa bir sualdır.” 

Valyuta.Az "CNN"ə istinadən xəbər verir ki, bunu Corc Vaşinqton Universitetinin nüvə enerjisi və siyasət üzrə araşdırma professoru Şaron Skvassoni bildirib.  

Enerji tələbatı sürətlə artır  

Daha çox enerjinin haradansa gəlməsinin zəruriliyi aydındır. ABŞ məlumat mərkəzlərinin elektrik enerjisi tələbi 2020-ci ildən bəri 50% artıb və hazırda ölkənin enerji istehlakının 4%-ni təşkil edir. Bu rəqəm 2030-cu ilə qədər 9%-ə çata bilər. Ümumilikdə, ABŞ-da enerji tələbatının 2030-cu ilə qədər ildə 13%-dən 15%-ə qədər artacağı və nəticədə elektrik enerjisini “çox nadir bir resursa” çevirə biləcəyi gözlənilir.  

Məlumat mərkəzlərinin enerji tələbatı texnologiya nəhənglərinin davamlılıq vədlərini də çətinləşdirib.  

Texnologiya nəhəngləri nüvə enerjisinin digər bərpa olunan enerji mənbələrinə - məsələn, günəş və külək enerjisinə - nisbətən daha etibarlı olmasını vurğulayırlar.  

Məsələn, "Microsoft" sentyabr ayında Pensilvaniyada 1979-cu ildə qismən ərimə baş vermiş "Three Mile Island" reaktorunu yenidən açmaq üçün müqavilə bağladı və 2028-ci ilə qədər fərqli bir reaktoru işə salaraq süni intellekt məqsədlərinə enerji təmin etməyi planlaşdırır.  

"Amazon" və "Meta" da məlumat mərkəzləri üçün gələcəkdə nüvə enerjisi təmin etmək məqsədilə müqavilələr bağlayıblar.  

“Məlumat mərkəzləri 7/24 fəaliyyət göstərir və sabit elektrik təchizatına ehtiyac duyurlar. Külək əsən vaxtda və ya günəş parlayanda fəaliyyət göstərib digər vaxtlarda bağlana bilməzlər,” - deyə Corciya Texnologiya İnstitutunun nüvə mühəndisliyi üzrə professoru Anna Erikson bildirib.  

Texnologiya liderlərinin nüvə yatırımları  

"Oklo" Altmanın yeganə nüvə enerjisi sərmayəsi deyil. "OpenAI"nin baş direktoru həmçinin "Helion Energy" adlı, "Oklo"dan fərqli bir texnologiya istifadə edən nüvə startapına sərmayə qoyub.  

"Facebook"un həmtəsisçisi və hazırda "Asana" şirkətinin baş direktoru olan Dastin Moskoviç, "LinkedIn" həmtəsisçisi Reyd Hoffman və milyarder texnologiya investoru Piter Til də bu sahəyə sərmayə yatıran liderlər arasındadır.  

Bill Qeytsin dəstəklədiyi və rəhbərlik etdiyi "TerraPower", Vayominqdə yeni nüvə reaktoru inşa etməyə hazırlaşır. "Google", "Amazon" və digər texnologiya nəhəngləri də nüvə enerji texnologiyalarına böyük məbləğdə sərmayələr qoyublar.  

Bu inkişaflar göstərir ki, texnologiya liderləri yalnız süni intellekt deyil, eyni zamanda onun davamlı inkişafını təmin edəcək enerji resurslarının da arxasında dururlar.

Altmanın "Oklo" şirkəti

2013-cü ildə iki MIT məzunu tərəfindən təsis edilmiş "Oklo" şirkəti, qlobal səviyyədə bol, sərfəli və təmiz enerji istehsal etmək üçün müasir nüvə reaktorları inkişaf etdirdiyini açıqlayıb. Şirkətin adı, Afrikanın Qabon ölkəsində yerləşən Oklo regionundan ilhamlanıb. Alimlər bu bölgədə Yer kürəsinin təxminən 2 milyard il əvvəl mövcud olmuş yeganə təbii nüvə reaktorunun yerləşdiyini təsdiqləyirlər.  

"Oklo" kiçik və qənaətcil, daha az yanacaqla daha çox enerji hasil edə bilən "sürətli reaktorlar" inşa edir. Şirkət digər zavodların istifadə olunmuş nüvə yanacağını təkrar emal etməyi və kiçik reaktorlardan enerji hasilatını birbaşa müştərilərə, məsələn, məlumat mərkəzi operatorlarına satmağı planlaşdırır.  

"Oklo"nun icraçı direktoru və həmtəsisçisi Ceykob Devit may ayında bildirib ki, süni intellekt gələcək onilliklərdə texnologiyanı əsaslı şəkildə dəyişəcək və "etibarlı, genişlənə bilən və təmiz bir mənbəyə ehtiyac var, nüvə parçalanması isə bu tələblərə çox uyğun gəlir."  

2023-cü ilin may ayında "AltC Acquisition Corp." şirkəti ilə birləşmədən sonra "Oklo"nun səhmləri iki dəfə artıb. Süni intellektin inkişafının nüvə enerjisinə olan tələbatı artıracağı gözlənilsə də, şirkət hələlik gəlir əldə etməyib.  

Buna baxmayaraq, "Oklo" öz məqsədlərinə doğru irəlilədiyini bildirir. Şirkət sentyabr ayında İdahoda kiçik bir reaktor üçün sahə tədqiqatlarına başlamaq üçün icazə alıb və məlumat mərkəzləri operatorlarına gələcək enerji satışına dair bir neçə razılaşma əldə edib.  

Bununla belə, ekspert Şaron Skvassoni qeyd edir ki, kiçik modul reaktorlar hələlik yalnız nəzəriyyədir və onların faktiki enerji istehsalına və satışına başlaması uzun və maliyyətli bir proses olacaq.  

ABŞ-da yeni nüvə reaktorlarının inşasına dair digər son səylər də gecikmələr və xərclərin artması ilə üzləşib. Üstəlik, Ukraynadakı müharibə səbəbindən Rusiyadan zənginləşdirilmiş uran idxalına tətbiq olunan məhdudiyyətlər yeni reaktorların yanacaqla təmin edilməsində problemlər yaradıb. ABŞ hökuməti bəzi layihələr üçün kifayət qədər yanacaq tapmaq məqsədilə öz nüvə ehtiyatlarını nəzərdən keçirir və yanacaq zənginləşdirilməsi ilə bağlı işlərə başlayır.  

Geytsin "TerraPower" şirkəti  

Bill Geytsin "TerraPower" şirkəti iyun ayında nüvə reaktoru "demonstrasiya" zavodunun inşasına start verib. Şirkət bu zavodun 2030-cu ilə qədər istismara hazır olacağını ümid edir. Hazırda ABŞ-ın Uayominq ştatının Kemmerer şəhərində tikinti işləri yalnız nüvə ilə əlaqəli olmayan elementləri əhatə edir, çünki tam tənzimləyici təsdiq hələ gözlənilir.  

"TerraPower" ənənəvi nüvə reaktorlarından daha kiçik və sadə bir dizayn təklif etdiyini bildirir. Şirkətin sistemi soyutma üçün ənənəvi su əvəzinə natriumdan istifadə edəcək. Uayominq zavodu köhnəlməkdə olan kömür elektrik stansiyasının yaxınlığında tikilir və "PacifiCorp" elektrik şirkətinə enerji təmin edəcək.  

"TerraPower"ın reaktorları, "Oklo" dizaynında olduğu kimi, "passiv" təhlükəsizlik mexanizmləri ilə təchiz olunacaq. Bu mexanizmlər hər hansı nasazlıq baş verdikdə avtomatik soyutma təmin etməklə Çernobıl faciəsi kimi hadisələrin qarşısını almaq üçün nəzərdə tutulub.  

Bill Geyts qeyd edib ki, nüvə enerjisinin genişləndirilməsi iqlim dəyişikliyinə qarşı mübarizə üçün vacibdir. Bu məqsədlə o, "TerraPower"a 1 milyard dollardan çox sərmayə qoyub. "Bu, təhlükəsiz, bol və sıfır karbonlu enerji üçün böyük bir addımdır", - deyə o, iyun ayında Uayominq zavodunun təməlqoyma mərasimində vurğulayıb.  

Lakin "TerraPower" və digər nüvə startapları ictimaiyyəti yeni nəsil nüvə reaktorlarının yalnız mümkünlüyünə deyil, həm də təhlükəsizliyinə inandırmaq üçün hələ çox iş görməlidir.  

Məsələyə münasibət bildirən ekspert Skvassoni qeyd edib ki, sənaye tənzimləmələrin yumşaldılmasını və proseslərin sürətləndirilməsini tələb edir. Bu, Tramp administrasiyası dövründə də dəstəklənmişdi.  

Bill Geyts isə nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqlara iyun ayında "NPR"a verdiyi müsahibədə belə cavab verib: "Nüvə Tənzimləmə Komissiyası dünyada ən yaxşıdır və bizi sorğulayacaq, çətinliklər yaradacaq. Və, bilirsiniz, bu, əladır."  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin