Neft qiymətləri düşüşdən sonra bərpa olunur
Neft qiymətləri Yaxın Şərqdəki münaqişənin gələcək inkişafı ilə bağlı qeyri-müəyyənlik səbəbindən artıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.
Brent markalı neft fyuçersləri 14 sent və ya 0,2% artaraq bir barel üçün 74,39 dollar olub. WTI (West Texas Intermediate) markalı neft fyuçersləri isə 19 sent və ya 0,3% artaraq bir barel üçün 70,77 dollar təşkil edib.
Çərşənbə axşamı neft qiymətləri 4%-dən çox azalaraq, demək olar ki, iki həftəlik minimuma düşüb. Bu, zəif tələbat proqnozları və mediada İsrailin İranın nüvə və neft obyektlərinə hücum etməyəcəyi barədə məlumatların yayılmasından sonra təchizatda kəsintilər barədə narahatlıqları azaldıb.
Lakin İsrail ilə "Hizbullah" militant qrupu arasında münaqişənin kəskinləşməsi ilə bağlı narahatlıqlar davam edir. ABŞ çərşənbə axşamı bəyan edib ki, son həftələrdə İsrailin Beyruta qarşı həyata keçirdiyi hava zərbələrinin miqyasını dəstəkləmir.
"Son qiymət azalmasından sonra qısamüddətli perspektivdə bazar iştirakçılarının geosiyasi vəziyyətin inkişafını yenidən qiymətləndirməsi ilə əlaqədar müəyyən sabitləşmə gözləyə bilərik", – deyə IG bazar strateqi Yip Jun Ronq bildirib.
"Çinin fiskal siyasəti ilə bağlı daha çox aydınlıq gözlənilir, lakin konkretliyin olmaması, görünür, neft tələbatı proqnozlarına gələcək təsirlə bağlı qeyri-müəyyənliyi artırır", - o əlavə edib.
Yerli KİV-lərin məlumatına görə, Çin iqtisadiyyatı stimullaşdırmaq üçün üç il ərzində xüsusi xəzinə istiqrazları vasitəsilə əlavə 6 trilyon yuan (850 milyard dollar) cəlb edə bilər. Lakin bu, ölkənin fond bazarında nikbinliyi bərpa etməyib.
Neftə tələbatla bağlı olaraq, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Beynəlxalq Enerji Agentliyi bu həftə 2024-cü il üçün qlobal neft tələbatının artım proqnozlarını aşağı salıb və bu azalmaların əsas hissəsi Çinə aiddir.
Hazırda bazar ABŞ-da neft ehtiyatları ilə bağlı ən son məlumatları gözləyir: ABŞ Neft İnstitutunun həftəlik hesabatı çərşənbə günü, Enerji Məlumatları İdarəsinin məlumatları isə cümə axşamı açıqlanacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay