Öldürücü virus Avropaya ayaq açdı - Dünya yeni pandemiyanın astanasında
Marburq virusuna yoluxma əlamətləri olan iki sərnişin təcili olaraq Hamburq Mərkəzi Stansiyasından təxliyə edilib.
Valyuta.az xəbər verir ki, DPA agentliyinin verdiyi məlumata görə, tibb tələbəsi və xəstəliyin simptomlarını hiss edən sevgilisi əlavə tibbi müayinə üçün Hamburq-Eppendorf Universitet Xəstəxanasına aparılıb.
Cütlük Frankfurt-Maindan Hamburqa sürəti qatarında gəliblər. Yol boyu hər ikisində qripə bənzər simptomlar yaranıb. Tələbə bundan öncə Ruandaya səfər edib və orada Marburq virusuna yoluxmuş xəstə ilə təmasda olub. İlkin məlumatlara görə, potensial virus daşıyıcıları olan qatarda 200-ə yaxın sərnişin olub. Onların əlaqə məlumatları polis tərəfindən karantin tədbirlərinə ehtiyac yaranması ehtimalına görə toplanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı sentyabrın sonunda Ruandada Marburq virusu epidemiyasının yayılması ilə bağlı bəyanat vermiş, lakin ciddi xəbərdarlığa ehtiyac duymamışdı. Amma bir gün əvvəl qurumun yetkililəri bəşəriyyətin yeni və təhlükəli virusla təhdid edildiyini vurğulayaraq dünyanın yeni pandemiya ərəfəsində olması barədə ehtimallar səsləndiriblər.
Bütün dünya Marburq virusunun yaratdığı sağalmaz bir xəstəliyin alovlanması ilə təhdid edilir. Bu isə Ümumdünya Səhiyyə Təşkilatınının son bəyanatındandır.
Qeyd edək ki, Marburq hemorragik qızdırmaya səbəb ola bilən yüksək virulent xəstəlikdir və kliniki olaraq Ebola xəstəliyinə bənzəyir. Hər iki virus filovirus ailəsinə aiddir. İnsanlar xəstəliyi daşıya bilən və tez-tez mağaralarda rast gəlinən meyvə yarasası növü ilə yaxın təmasda olduqda Marburq virusuna yoluxurlar.
Virus insanlar arasında qırıq dəri və ya selikli qişalar, yoluxmuş insanların qanı və ya digər bədən mayeləri, həmçinin mayelərlə çirklənmiş səthlər və materiallarla (məsələn, yataq dəstləri, paltarlar) təmas yolu ilə yayılır. Tibb müəssisələrinin işçiləri xəstəliyə şübhəli və ya təsdiqlənmiş xəstələri müalicə edərkən yoluxublar. Mərhumun cəsədi ilə birbaşa təması nəzərdə tutan dəfn mərasimləri də Marburq virusunun ötürülməsini asanlaşdıra bilər.
İnkubasiya dövrü adətən iki gündən 21 günə qədərdir. Xəstəlik kəskin şəkildə başlayır. Xəstələr yüksək hərarət, şiddətli baş ağrısı və halsızlıqdan şikayət edirlər. Üçüncü gündə ishal, qarında ağrı və kramplar, ürəkbulanma və qusma başlayır. Bütün hallarda hemorragik əlamətlər olmasa da, simptomların başlanmasından beş-yeddi gün sonra ağır təzahürlər baş verə bilər. Ölümlərə geniş qan itkisi və şok daxildir. Ağır hallarda ölüm adətən ilk simptomların görünməsindən səkkiz-doqquz gün sonra baş verir.
© Qaynarinfo.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay