Saathesabı dərs yükü aparan şəxslərin hüquqları
Saathesabı dərs yükü aparan şəxslərin hüquqları mövzusunu “vergiler.az”a şərh edən təlimçi ekspert Aqil Ağayevin sözlərinə görə, həmin şəxslərin hüquqlarını müəyyən etmək üçün həm Əmək Məcəlləsi, həm də Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmrinə diqqət yetirmək lazımdır.
Qanunvericiliyə əsasən, təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçiləri tutduqları vəzifə ilə yanaşı, öz ixtisaslarına uyğun olaraq, işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla başqa təlim-tərbiyə müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə), saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər.
Normalar üzrə dərs ilinin əvvəlində tarifləşmə siyahısına daxil edilməklə təhsil, təlim-tərbiyə müəssisəsinin yuxarıda göstərilən işçiləri tərəfindən tədris edilən dərslərin haqqı ştatda olan müəllimlər üçün mövcud olan qaydalara uyğun ödənilir.
Əsas iş yerində saathesabı tədris edilən dərslərin hər saatının dəyəri dərsi tədris edən şəxsin təhsili və pedaqoji stajı əsasında müəyyənləşdirilən aylıq əməkhaqqı tariflərinə uyğun hesablanıb ödənilir. Başqa təlim-tərbiyə müəssisələrində saathesabı tədris edilən dərslərin saatının dəyəri isə müvafiq qaydada təsdiq olunmuş saathesabı əməyin ödənilməsi məbləğləri əsasında verilir.
Bu hesablamalar və ödənişlər ümumi müddəalarla yanaşı təhsil müəssisələrinin kateqoriyaları üzrə tənzimlənir:
- Məktəbəqədər müəssisələr və uşaq evləri üzrə;
- Bütün tipdən olan ümumtəhsil məktəbləri, liseylər, gimnaziyalar, peşə məktəbləri və peşə liseyləri üzrə;
- Məktəbdənkənar müəssisələr üzrə;
- Orta ixtisas məktəbləri (kollec) və onlara bərabər tutulan təhsil müəssisələri üzrə;
- Ali təhsil müəssisələri üzrə;
- İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutları üzrə;
- Təhsili idarəetmə orqanları və metodiki mərkəzlər (kabinetlər ) üzrə.
Təhsil, təlim-tərbiyə müəssisələrində əvəzçilik dərs yükü (pedaqoji iş) aparan müəllimlərin əmək hüquqları Əmək Məcəlləsinin 58-ci maddəsinə uyğun tənzimlənir:
- Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə işi sayılır.
- Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
- İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.
- Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
Əvəzçilik üzrə əməkhaqqının ödənilməsi isə Əmək Məcəlləsinin 163-cü maddəsinə əsasən tənzimlənir:
- Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktiki yerinə yetirilən işə görə ödənilir.
- Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalarda (Azərbaycan Respublikasi Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilib) təhsil müəssisələri üzrə saathesabı dərs aparılması qaydaları aşağıdakı kimidir:
1. Məktəbəqədər müəssisələr və uşaq evləri üzrə: Məktəbəqədər müəssisələrin, uşaq evlərinin müdirləri (direktorları) tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqda olan təhsil müəssisələrində ixtisasları üzrə həftədə 6 saata (ildə 240 saata) qədər saathesabı dərs apara bilərlər.
2. Orta ixtisas məktəbləri (kolleclər) və onlara bərabər tutulan təhsil müəssisələri üzrə: Orta ixtisas məktəblərinin (kolleclərin) direktorları (rəisləri), onların müavinləri, inzibati-təsərrüfat və tədris-köməkçi tərkibdən olan işçilər, şöbə müdirləri, metodistlər və digər mütəxəssislər ştat üzrə tutduqları vəzifənin maaşını tam almaqla işlədikləri təhsil müəssisəsində tarifləşmə siyahısına salınmaqla ixtisasları üzrə həftədə 6 saata (il ərzində 240 saata) qədər dərs apara bilərlər. Bundan əlavə, zəruri ehtiyac yarandıqda onlara əməkhaqqı saathesabı ödənilməklə həftədə 6 saata (il ərzində 240 saata) qədər də dərs verilə bilər.
Orta ixtisas məktəblərinin (kolleclərin) yuxarıda göstərilən işçilərindən tutduqları vəzifəyə görə 0,5 ştat üzrə vəzifə maaşı alanları həmin təhsil müəssisəsində tarifləşmə siyahısına salınmaqla 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Bundan əlavə, zəruri ehtiyac yarandıqda onlara əməkhaqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər də dərs verilə bilər.
Orta ixtisas məktəblərinin rəhbər, inzibati-təsərrüfat, tədris köməkçi və digər mütəxəssisləri əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı başqa təhsil müəssisəsində həftədə 6 saata (ildə 240 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 240 saata) qədər dərs apara bilərlər. Rəhbər işçilərin tam vəzifə maaşı alanlarının başqa təhsil müəssəsində dərs aparmaları üçün tabe olduğu yuxarı təşkilatın razılığı alınmaldır. Orta ixtisas məktəblərində hərbi rəhbərlərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər hərbi hazırlıq üzrə tədris etdikləri dərs saatlarının əməkhaqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə hərbi vəzifə maaşına daxil olan saatlardan əlavə tarifləşmə siyahısına salınmaqla həftədə 6 saata (ildə 240 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə, hərbi rəhbərə zəruri ehtiyac yarandıqda həmin tədris müəssisəsində əməkhaqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 249 saata) qədər də dərs verilə bilər. Hərbi rəhbərlər başqa təhsil müəssisələrində həftədə 6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər.
Orta ixtisas məktəblərində bədən tərbiyəsi rəhbərinin həftədə 6 saat (ildə 240 saat) bədən tərbiyəsi üzrə tədris etdiyi dərslərin əməkhaqqı onun vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Bədən tərbiyəsi rəhbərinə haqqı vəzifə maaşına daxil edilən saatlardan əlavə tarifləşmə siyahısına salınmaqla həftədə 6 saata (ildə 240 saata) qədər bədən tərbiyəsi və ya başqa fənn üzrə (bədən tərbiyəsi rəhbərinin ixtisasından asılı olaraq) dərs verilə bilər. Bundan əlavə, bədən tərbiyəsi rəhbərinə zəruri ehtiyac yarandıqda həmin təhsil müəssisəsində əməkhaqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər də dərs verilə bilər.
Bədən tərbiyəsi rəhbərləri başqa təhsil müəssisəsində 240 saata qədər dərs apara bilər.
Orta ixtisas məktəblərində kənardan dərs deməyə cəlb edilən mütəxəssislər və orta ixtisas məktəbinin ştatda olan qeyri pedaqoji işçiləri il ərzində 120 saatdan az olmayaraq dərs tədris edərlərsə, həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay