Dünyanın tanınmış şirkətlərində proqram mühəndisi çalışan həmvətənimiz - MÜSAHİBƏ
Hazırda hər birimiz yeni texnologiyalar və innovativ üsullardan istifadə etsək də, bütün bunların necə yaradıldığı barədə xəbərsizik. Məsələn, hər gün istifadə etdiyimiz hər hansı mobil tətbiq necə ərsəyə gəlib? Onun proqram təminatını kim hazırlayıb? Ümumiyyətlə, proqramlaşdırma nədir? Proqramlaşdırmanın nə olduğunu sadə dildə izah etməyə çalışsaq, deyə bilərik ki, bu, veb-sayt yaxud mobil tətbiq yaratmaq üçün xüsusi kodların yazılması prosesidir. Bu kodlar kompüterin anlayacağı dillərdən birində yazılır. Belə dillərə proqramlaşdırma dilləri deyilir. İnsanların istifadə etdikləri portallar, sosial media platformaları və ya e-ticarət saytları hər biri proqramlaşdırmanın məhsuludur.
İyirmi ilə yaxındır proqramlaşdırma ilə məşğul olan və öz peşəsində sayılıb-seçilən, 10 ilə yaxındır dünyanın tanınmış şirkətlərində proqram mühəndisi işləyən və hazırda Kanadanın Vankuver şəhərində, “Samsung Electronics” şirkətində mobil təhlükəsizlik üzrə proqram həlləri üzərində çalışan həmvətənimiz Adil Əliyev AZƏRTAC-a məxsusi müsahibəsində sənət seçimi, təhsil və gənclərimiz üçün uğura gedən mümkün yollardan danışdı.
“2006-cı ildən 2015-ci ilədək Azərbaycanda “İDRAK Texnoloji Transfer”, “NEATS” və “Azercell” şirkətlərində işləmişəm. Sənayedəki təcrübə ilə yanaşı, ayrı-ayrı illərdə Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Texniki Universitetində saathesabı müəllimlik etmişəm. Özümü peşəkar müəllim hesab etməsəm də düşünürəm ki, sənayedə topladığım təcrübəmi paylaşaraq bir çox tələbəyə yol göstərməyə müvəffəq ola bilmişəm. Bu da məni çox sevindirir. Ümumiyyətlə, təhsil sahəsi mənim üçün hər zaman prioritet olub. Əvvəla ona görə ki, öyrəndiklərimi paylaşmağı xoşlayıram, həm insanların həyatında müsbət rol oynamaq gözəl hissdir, həm də təhsil sistemində olan problemlərin həlli üçün kiçik olsa da töhfə verməyə çalışmış oluram. 2015-ci ildən 2019-cu ilə qədər “Samsung Electronics”in Cənubi Koreyada yerləşən baş ofisində, 2019-cu ildən 2022-ci ilin sonuna qədər “Amazon” şirkətinin Vankuver ofisində proqram mühəndisi olaraq çalışmışam. Hazırda “Samsung Electronics”in Vankuverdəki ofisində baş proqram mühəndisi işləyirəm”, - deyə Adil Əliyev söhbətə başlayır.
Adil Əliyev proqramlaşdırmaya həvəsinin valideynləri sayəsində yarandığını söyləyir: “Proqramlaşdırmanı ilk dəfə valideynlərimdən öyrənmişəm. Sonra məni öz keçmiş müəllimləri - Ramin Mahmudzadənin təşkil etdiyi proqramlaşdırma dərnəyinə yazdırdılar. Ramin müəllim həm də Azərbaycanda informatika fənni üzrə olimpiada komandasının rəhbəri idi. Bundan başqa, regionda keçirilən bir sıra müsabiqələr üçün təşəbbüslər ona aid idi. Ramin müəllim bizə 2002-ci ildə Avropanın 11 ölkəsinin iştirak etdiyi BCICPO (Black Sea Countries Computer Projects Olympiad) müsabiqəsində iştirak etməyi tövsiyə etdi və onun rəhbərliyi ilə hazırlaşaraq gümüş medala layiq görüldüm. Bakı Dövlət Universitetində təhsil aldığım zaman Ramin müəllim kurs işlərimə və sonda diplom işimə rəhbərlik etdi. Ümumiyyətlə, proqramlaşdırma ilə yanaşı Ramin müəllimdən öz biliklərimi paylaşmağı, başqalarına yardım etməyi, ölkənin xüsusilə informatika sahəsində təhsil problemlərinə biganə qalmamağı və bu yöndə işlər görməyi də öyrənmişəm. Ona görə də bu sahədə hər zaman fəal olmağa çalışıram. 2007-ci ildə respublika üzrə ali məktəb tələbələrinin proqramlaşdırma olimpiadası təsis edildi və burada texniki təşkilatçılığı Ramin müəllim mənə və komandama həvalə etdi. Bu müsabiqədə beynəlxalq ICPC* müsabiqəsi kimi onlayn yoxlama sistemi tətbiq etdik və tam şəffaf şəkildə tələbələr cavablarını ani olaraq görə bilirdilər. Bildiyiniz kimi, 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçirildi. Bunun üçün hazırlıq prosesləri bir neçə il əvvəlcədən başlamışdı və Ramin müəllim bir sıra digər fəallarla yanaşı, məni də bu proseslərin ilkin mərhələsinə cəlb etmişdi. Təəssüf ki, 2022-ci il avqustun 9-da Ramin müəllimi itirdik. Lakin mən və bir çox tələbələri onun yolunu davam etməyə çalışırıq”, - deyə A.Əliyev qeyd edib.
*International Collegiate Programming Contest (ICPC) - Ali məktəb tələbələri üçün nəzərdə tutulan Beynəlxalq Proqramlaşdırma Müsabiqəsidir. Azərbaycan bu yarışa 2000-ci ildən qoşulsa da sistemli olaraq 2004-cü ildən başlayaraq iştirak edir. Qeyd edək ki, 1977-ci ildən mütəmadi olaraq keçirilən müsabiqənin seçim mərhələlərində hər il dünyanın 100-dən çox ölkəsinin 3000-dən çox universitetindən (ən nüfuzlu ali təhsil müəssisələrindən olan) 50000-dən çox tələbə (16000-dən çox komanda) iştirak edir. Bunlardan 130-a yaxın komanda finala vəsiqə qazanır. İlk dəfə olaraq ADA Universitetinin komandası bu il Misir Ərəb Respublikasının Luxsor şəhərində keçirilmiş “46-cı ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”ndə Azərbaycanı təmsil edərək yüksək nəticə göstərib və fərqlənmə sertifikatına layiq görülüb.
Müsahibimiz peşəkar karyerasına tələbəlik illərindən başladığını deyir: “Birinci kursda oxuyarkən öyrəndiklərimi praktikada möhkəmlətmək üçün əmək fəaliyyətinə başlamaq qərarına gəldim. İlk iş yerim “İDRAK Texnoloji Transfer” şirkəti olub. Şirkətin rəhbəri Hikmət Abdullayev mənimlə yanaşı bir neçə tələbənin inkişafında önəmli rol oynayıb. Çalışdığım ilk layihələrdən biri mobil kompüterlərin yaradılması və onun üçün xüsusi proqram təminatı üzərində çalışmaq idi. Biz bu layihəni 2007-ci ildə həyata keçirmişdik. O zaman nəinki “Galaxy Tab” və “ya iPad” yox idi, heç “tablet” və “planşet” sözləri geniş istifadə edilmirdi. Bir müddət sonra isə Hikmət müəllimin təşəbbüsü ilə “e-İnk” texnologiyası əsasında elektron kitab qurğusu yaratdıq. Bir çoxlarına məlum olan “Amazon Kindle” qurğusu da eyni texnologiya ilə çalışır. Müddətli hərbi xidməti bitirdikdən sonra İDRAK şirkətində fəaliyyətimə davam etdim və 2012-ci ildə dostumla öz şirkətimizi qurduq. 2014-cü ildə “Azercell” şirkətində, 2015-ci ildə isə Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin baş ofisində çalışmağa başladım. “Samsung Electronics”də geniş proqram layihələrinin işlənməsi, milyonlarla müştəriyə xidmət göstərilməsi, fərqli proqramlaşdırma metodologiyaları, bir sıra məxfi layihələrin necə yerinə yetirilməsi və digər zəngin təcrübələrə yiyələndim. Koreyada qazandığım təcrübə mənim dünyagörüşümə və proqram mühəndisi kimi peşəkarlığını artırmağıma xeyli müsbət təsir edib”, – deyə Adil Əliyev qeyd edir.
2019-cu ildə “Amazon” şirkətinin, eyni zamanda, ABŞ-ın Sietl və Kanadanın Vankuver şəhərlərindəki ofislərindən iş təklifi alan Adil Əliyev Kanadaya üstünlük verərək oraya köçür: “2019-cu ildən başlayaraq “Amazon” şirkətinin bir neçə fərqli komandasında, həmçinin AWS (Amazon Web Services) ilə əməkdaşlıq etmişəm. “Amazon”nun iş prinsipi Koreya şirkətlərindən fərqlənir. Burada insanların düşüncə tərzi, layihələrə yanaşma tərzi daha fərqlidir. Hər gün milyonlarla pul dövriyyəsini həyata keçirən proqram sistemləri, baş verən problemlərin ani zamanda aradan qaldırılması mexanizmləri, böyük həcmdə datalarla çalışmaq mənim proqramçı təcrübəmə yeniliklər qatmış oldu. “Amazon” şirkətinin başqa bir maraqlı və bir sıra digər şirkətlərdən fərqli edən tərəfi ondan ibarətdir ki, burada proqramçılar proqram təminatının həyat dövrü (SDLC - Software Development Life Cycle) ərzində bütün addımlar üzrə çalışırlar. Bu da onların hərtərəfli öyrənmələrinə töhfə vermiş olur. Amazonda 3,5 il çalışdıqdan sonra 2022-ci ildə “Samsung Electronics” şirkətinə qayıtmağa qərar verdim. Vankuver şəhərində “Samsung”un R&D (tədqiqat və inkişaf) ofisi var. Buradakı fəaliyyətim “Knox” mobil təhlükəsizlik həlləri ilə bağlıdır”, - deyə həmsöhbətimiz bildirir.
Müasir zamanda aktual mövzulardan biri də kibertəhlükəsizlikdir. Xüsusilə süni intellekt sahəsində baş vermiş inkişaf kibertəhlükəsizliyi daha da vacib edir. Ona görə də Adil Əliyevin proqramlaşdırma və kibertəhlükəsizliyin əlaqələri barədə fikirlərini öyrəndik.
“Mən kibertəhlükəsizlik sahəsində bir sıra tədbirlərə və layihələrə cəlb olunsam da, hazırda çalışdığım şirkətdə kibertəhlükəsizlik üzrə məhsulların yaradılması ilə məşğul olsam da, fəaliyyət sahəm birbaşa olaraq kibertəhlükəsizlik deyil. Mən proqram mühəndisiyəm. Lakin fəaliyyətimin, demək olar, hər addımında kibertəhlükəsizlik məsələləri üzrə həllər verməli oluram. Məsələn, proqram təminatının arxitekturası qurulan zaman orada təhlükəsizlik məsələlərinin doğru şəkildə araşdırılması üçün təhdid modelləşdirilməsi (threat model) bunlardan biridir. Proqram təminatı istismara buraxılmadan öncə nüfuzetmə testləri (penetration testing) yerinə yetirilməlidir. Ona görə də proqram məhsullarının yaradılması ilə məşğul olan şəxs həm də kibertəhlükəsizliyi bilməlidir. İşlər bununla bitmir, təhlükələr daim olacaq, ona görə proqram təminatının monitorinqində də təhlükəsizlik meyarları olmalı və daim nəzarətdə saxlanılmalıdır. Dediklərimdən belə nəticə çıxarmaq olar ki, Proqram təminatının yaradılmasının həyat tsiklinin (SDLC-Software Development Life Cycle) hər mərhələsində kibertəhlükəsizlik nəzərə alınmalıdır. Əgər proqram mühəndisləri bu deyilənlərə əməl etsələr, öz istifadəçilərini kibertəhlükələrdən kifayət qədər qorumuş ola bilərlər”, - deyə müsahibimiz izah etdi.
Bəs adi istifadəçilər özlərini kiberməkandakı təhlükələrdən necə qoruya bilərlər sualına isə Adil Əliyev belə cavab verir: “Kompüter, planşet, smartfon, ağıllı saat və bu kimi qurğuların istifadəçilərinə tövsiyə olunur ki, kibergigiyena qaydalarına əməl etsinlər. Smartfonlarına PIN kod təyin etsinlər və ya belə bir funksiya varsa, biometrik üsullarla telefonlarını kilidləsinlər. Əgər həmin qurğu kiminsə əlinə keçərsə, məlumatları əldə etmək imkanları bir qədər çətin olacaq. Amma bu, “mümkün olmayacaq” anlamına da gəlmir. SMS, “Telegram”, “WhatsApp” və digər vasitələrlə tanımadıqları adamlardan gələn heç bir linki, şəkli, faylı açmasınlar. Bu faylların içində viruslar ola bilər. Proqram təminatlarını vaxtında yeniləsinlər. Eyni şifrəni bütün hesablarda istifadə etməsinlər. İkifaktorlu autentifikasiyadan istifadə etsinlər. Fişinq hücumlarına qarşı həssas davransınlar. Tanımadıqları adamlardan zəng gəldikdə heç bir məlumat paylaşmasınlar. Məsələn, bəzən hansısa bankın adından zəng edib bir sıra məlumatları əldə edə bilərlər. Tanımadıqları şəxslərdən gələn e-poçtları oxumaqdan, oradakı faylları açmaqdan çəkinsinlər. Bu dediklərim kibergigiyena tədbirlərindən yalnız bir hissəsidir. Yaxşı olar ki, istifadəçilər özlərini kibertəhlükəsizlik sahəsində maarifləndirsinlər. Bu barədə internetdə kifayət qədər resurslar var”.
Bir neçə ay bundan öncə kompüter mühəndisliyi sahəsində dünyanın ən nüfuzlu və qocaman təşkilatlarından olan IEEE Kompüter Cəmiyyəti (IEEE Computer Society) Adil Əliyevi işçi qrupa cəlb etmişdi. O layihə haqqında bizə danışmasını xahiş etdik. “IEEE Kompüter Cəmiyyəti kompüter elmləri və kompüter mühəndisliyi sahəsində bir çox önəmli fəaliyyətləri özündə cəmləşdirir. Bu fəaliyyətlərə standartların işlənməsi, digər standartlaşdırma qurumları olan ISO, IEC, ANSI, NIST və s. ilə birgə layihələr, elmi tədqiqat, kompüter elmlərinin müxtəlif mövzularında elmi jurnallar və s. aiddir. IEEE Kompüter Cəmiyyəti 1946-cı ildə yaranıb. Bu tarix ilk elektron kompüterlər hesab olunan ENIAC və EDVAC-ın yaradılma ərəfələrinə təsadüf edir. Qısa müddət sonra ACM (Association for Computing Machinery) adlı digər nüfuzlu qurum da yaranıb. ACM və IEEE Kompüter Cəmiyyəti bir sıra layihələrdə birgə çalışırlar. Məsələn, ali məktəblər üçün kurikulum tövsiyələrini bu iki qurum birlikdə işləyib ictimaiyyətə təqdim edir. IEEE Kompüter Cəmiyyətinin hazırladığı çox önəmli sənədlərdən biri də “Software engineering body of knowledge” (qısa olaraq SWEBOK) adlı sənəddir. Bu sənəd proqram mühəndisliyinin nə olduğunu, hansı bilik sahələrini əhatə etdiyini təsvir edir. SWEBOK həm də ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) tərəfindən ISO/IEC TR 19759:2015 nömrəsi ilə standart kimi təsdiq edilib. Bu il həmin sənədin yeni buraxılışı olacaq və mən də həmin buraxılış üçün rəyçi qismində iştirak etmişəm. Daha sonra SWEBOK-un sertifikatlaşdırma imtahanının yaradılması üçün təşkil edilmiş işçi qrupa dəvət aldım. Bu işçi qrupun tərkibində ABŞ-da birhəftəlik çalışmalar oldu. Buraya bütün dünyadan cəmi 12 nəfər ekspert dəvət edilmişdi. Mənim üçün belə mötəbər tədbirdə iştirak etmək çox faydalı oldu. İşçi qrupun digər üzvləri kifayət qədər qocaman və bu sahədə onilliklərlə təcrübəyə malik şəxslər idi. Onlar “Boeing” və NASA ilə yanaşı bir sıra nüfuzlu təşkilatlar üçün nəhəng proqram sistemlərinin yaradılması zamanı konsultant qismində çalışmış şəxslər idi”, - deyə Adil Əliyev əlavə edib.
Həmsöhbətimiz çalışdığı qurumlarda kifayət qədər məşğul olmasına baxmayaraq Azərbaycanla bağlı bir çox layihələrdə də fəal iştirak edir: “Bir neçə il öncə Tomas Kormenin “Algorithms Unlocked” adlı kitabını tərcümə etmək qərarına gəldim. Bu kitab alqoritmlər və data strukturlarını olduqca sadə, eyni zamanda, əhatəli formada izah edir. Texnologiyanın dili ingilis dili olsa da, düşünürəm ki, hər bir azərbaycanlıya öz dilində oxuyub-yazmaq daha rahatdır. Ona görə də fundamental kitabların öz dilimizdə olmasına ehtiyac var. 2022-ci ildə həmin tərcümə “Alqoritmlərin sirri” adı altında nəşr edildi. İndiyədək mənə gələn rəylər müsbətdir. Bir sıra ali məktəb müəllimləri öz dilimizdə belə bir kitabın olmasını çox gözəl qarşıladılar. Bundan 2022-ci ildə bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil proqramının yenilənməsi ehtiyacı yarandı və mən həmin işçi qrupa üzv seçildim. Həmin il elm və təhsil nazirinin əmri ilə proqram təsdiq edildi. Hazırda universitetlərdə həmin ixtisas bu proqram üzrə tədris edilir. Bu ilin əvvəlində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə birgə bir neçə fənn üzrə müəllimlər üçün metodik vəsait üzərində çalışdıq. Bu vəsaitlər informasiya təhlükəsizliyi ixtisasına aid bir sıra fənlərə dair köməkçi vasitələrdir və müəllimlərin öz dərslərini müasir tələblərə cavab verən formada təşkilinə hədəflənib. 2012-ci ildən xaricə köçənə qədər, ayrı-ayrı vaxtlarda, Bakı Dövlət Universiteti və ADA Universiteti saathesabı dərs demişəm, təhsil proqramlarının işlənməsində iştirak etmişəm. 2022-ci ildən Azərbaycan Texniki Universitetində onlayn dərs deyirəm. Son semestr magistratura səviyyəsində “Təhlükəsiz proqramlaşdırma” fənnini tədris etmişəm. AzTU-da Kibertəhlükəsizlik kafedrasında çalışıram”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.
Gələcək planları ilə bağlı sualımıza Azərbaycanda bir sıra layihələr üzərində çalışdığını deyən Adil Əliyev yaxın zamanda yeniliklərin olacağını vurğulayıb: “Layihələrdən biri “ÖzünÖyrən” adlı onlayn təhsil platformasıdır. Bu platforma vasitəsilə ana dilimizdə onlayn kurslar veriləcək. Əslində bu layihə üzərində xeyli vaxtdır ki, çalışırıq. Sadəcə olaraq təhsil prosesləri kifayət qədər mürəkkəb və məsuliyyət tələb edən iş olduğundan xeyli zaman gərəkdir. Gələcəkdə bu işə universitetləri, təlim mərkəzlərini və müəllimləri də cəlb edib onların məzmunlarını platformaya yerləşdirməyi planlaşdırırıq. “Coursera” və ya “Udemy” kimi yerli platformamızın olması və keyfiyyətli məzmunun ana dilimizdə çatdırılması yəqin ki, ölkəmizin həm daxilində həm də xaricində yaşayan soydaşlarımız üçün vacibdir. Belə platforma ən yaxşı müəllimlərin dərslərini ən ucqar nöqtədə yaşayan hər kəsə əlçatan edir. Digər bir planım isə dünyanın aparıcı şirkətlərində 10 ilə yaxın çalışaraq proqram mühəndisliyi sahəsində topladığım təcrübəni Azərbaycanda paylaşmaqdır. Bunu həm ali məktəblərdə dərs deməyə davam edərək, həm də konsaltinq xidməti göstərərək həyata keçirməyi düşünürəm. Layihələrin uğurlu olmasından asılı olaraq yəqin ki, Azərbaycana qayıdıb azı bir neçə il burada çalışmağı düşünürəm”, - deyə Adil Əliyev fikrini yekunlaşdırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay