Azərbaycan ilk dəfə kiçik su elektrik stansiyaları üçün karbon kreditləri alacaq
“AzərEnerji” ASC Kəlbəcər və Laçında yerləşən 7 kiçik su elektrik stansiyalarına (KSES) karbon sertifikatlarının alınması üçün iki xarici şirkətə müraciət edib.
Bu barədə Valyuta.az-a “AzərEnerji”dən məlumat verilib.
Bildirilib ki, bu ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan”, eləcə də Laçın rayonunda yerləşən “Mirik” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” və İsveçrədə yerləşən “Gold Standard” qurumlarına müraciət edilib.
Məlumata görə, yuxarıda qeyd edilən qurumlar tərəfindən 7 kiçik su elektrik stansiyası üzrə sənədlərə ilkin baxış keçirilib və qeydiyyat proseduru çərçivəsində sahə auditi təyin olunub. Sahə auditi mərhələsinin icrası məqsədilə audit şirkəti cəlb edilib. Bu mərhələ iyunun 10-dan başlayaraq, üç gün ərzində Azərbaycanda səfərdə olan ekspert tərəfindən həyata keçirilib.
Qeydiyyat proseduru davam edən 7 kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində 45-50 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay