Cənub bölgəsində limon bağına dəyən zərərlə bağlı yekun qiymətləndirmə aparılıb
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi taxıl və tarla bitkiləri ilə yanaşı, meyvə bağlarını da müxtəlif risklərdən qoruyur. Aqrar sığortanın təminat verdiyi risklərdən biri də normadan artıq qar yağıntıları nəticəsində əkinlərə zərər dəyməsidir.
Aqrar Sığorta Fondundan Valyuta.az-a verilən məlumata görə, 2024-cü ilin fevral ayında Lənkəran rayonunda yağan qar yağıntıları nəticəsində rayonun Separali kəndindəki limon bağlarına zərər dəyib. Bağda ağacların budaqlarında qırılmalar müşahidə edilib. Fermer bununla bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verib. Qaydalara uyğun olaraq fevral ayında təsərrüfata müstəqil aqrar sığorta eksperti yönəldilib, ərazidə ilkin ekspertiza aparılıb. İndi isə ekspertlər tərəfindən sahəyə dəymiş zərərlə bağlı yekun ekspertiza və hesablama aparılır.
Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin müdiri Rəvan Səmədli bildirib ki, normadan artıq qar yağıntıları bağda budaqların qırılmasına səbəb olub. Fondun Müstəqil ekspertlərlə iş şöbəsinin müdiri Əkbər Məmmədov qeyd edib ki, limon bağı nisbətən gənc olduğu üçün normadan artıq yağan qar nəticəsində zərərin miqdarı daha yüksək olub. Onun sözlərinə görə, mütəxəssislər tərəfindən dəymiş zərər qiymətləndirildikdən sonra fermerə ödəniş ediləcək.
Qeyd edək ki, cənub bölgəsində aqrar sığorta vasitəsilə sığortalanan meyvə bağları artmaqdadır. Ümumiyyətlə 2024-cü ildə meyvə bağlarının sığortalanması sahəsində ciddi artım var. Aqrar sığorta mexanizmi vasitəsilə meyvə bağları müxtəlif təbiət hadisələri - dolu, fırtına-qasırğa, normadan artıq qar yağıntıları, donvurma, 3-cü şəxslərin hərəkətləri və sair nəticəsində dəymiş zərər kompensasiya olunur. Aqrar sığorta vasitəsilə meyvə bağlarını baza zərfi ilə yanaşı, əlavə olaraq şaxtavurma, leysan, doludan keyfiyyət itkisi və sair risklərdən də sığortalamaq mümkündür. Bundan başqa, meyvə bağlarındakı ağacları və yeni salınmış bağlardakı tingləri ayrıca olaraq il boyu çoxsaylı risklərdən sığortalamaq mümkündür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay