Bu peşə süxurların arasında öyrənilir, masa arxasında çətindir
Valyuta.az Geoloq İlqar Cəfərovun “Geologiya” peşəsi haqqında yazısını təqdim edir.
Ümumi geologiyanı təsvir etmək istəsəm, ətrafıma baxaram və hazırda bu yazını yazdığım binanın geoloji süxurların üzərində dayandığını deyərəm. Sonra təbiət qoynunda olduğum vaxtları xatırlayar və orda gördüyüm dağın, dərənin geologiyanın özü olduğunu vurğulayaram. Qısası, geologiya hər yerdədir, sadəcə onu görüb, hiss etmək lazımdır.
Hər birimiz elə yaxud belə geologiyanı görürük, hiss etmək məsələsi isə təsəvvürə əsaslanır. İş prosesi bu ixtisasla bağlı təsəvvürümüzdən fərqlənirmi? Əlbəttə, fərqlənir. İş prosesində gördüyümüz adi dağların necə formalaşmasını öyrənirik və bunun milyon illər əvvəl baş verməsi iş prosesini daha da maraqlı, eləcə də həyəcanlı edir.
Geologiya və xarakterimiz
Düşünmürəm ki, peşənin xarakterlə əlaqəli olsun. Məncə, peşələr maraqlar və bacarıqlarla assosasiya olunmalıdır. Geoloq olan müxtəlif xarakterlərdə insanlar tanıyıram və bunu başqa ixtisas sahələrinə də aid etmək olar.
Geoloq olmaq üçün insanda ilk növbədə yaxşı təxəyyül və təsəvvür qabiliyyəti olmalıdır. Həmçinin, çöldən qorxmamaq lazımdır. Geologiyanı çöldə, sahədə, süxurların arasında öyrənmək lazımdır, masa arxasında çətindir.
Bu sahə üzrə təhsil alanların neçə faizi geoloq olaraq çalışmaq istəyir?
Bu məsələ Azərbaycanın yaralı yeridir. Təkcə geologiyada yox, demək olar digər bütün ixtisaslardan da hər il yüzlərlə tələbə məzun olur. Bu tələbələrin az bir qismi təhsil aldığı ixtisas üzrə işləyir. Məsələnin kökündə abituriyent vaxtı və ona qədərki müddətdə uşaqların ixtisas seçimində düzgün yönləndirilməməsi dayanır. Doğrudur, hazırda bu istiqamətdə yaxşı işlər də görülür, amma indiki halda bu cəhdlər kifayət etmir.
Mənimlə birgə məzun olanların təxminən 30 faizi neft sənayesində çalışır. Əksəriyyəti artıq təhsil aldıqları müddətdə dərslərə maraq göstərmir, başqa işlərə yönəlirdilər. Onlar üçün 4 il havayı getdi deyə bilərəm. Bir tələbə yoldaşım var idi, uşaqlıqdan pilot olmaq istəyib, valideynləri icazə vermədiyi üçün geologiyaya daxil olmuşdu. Dərsləri də yaxşı oxuyurdu, amma universiteti bitirdikdən sonra öz istədiyi sahəyə (hərbiyə) yönəldi.
Bunlar sadəcə bir neçə misaldır və kökündə ixtisas seçiminin düzgün olmaması dayanır. Gələcəkdə insanların istədikləri ixtisasda təhsil almaları üçün onlar uşaq yaşlarından müxtəlif ixtisaslarla tanış edilməli və seçimi öz maraqlarına uyğun etməlidirlər.
Bu işin maraqlı tərəfi nədir?
Geologiyanın qeyri-müəyyənliyini sevirəm. Geologiya qeyri-müəyyəndir, çünki əksər proseslər ya yerin altında baş verir, ya da milyon illər əvvəl baş verib. Bir geoloq tanışım “Sən elə deyirsən, mən belə, telefonla da zəng edib soruşa bilmirik ki, 5 milyon il əvvəl nə baş verib” deyirdi. Həqiqətən də elədir, proses gözümüzün qabağında baş vermir ki, kimin 100 faiz haqlı olduğunu bilək.
Bu qeyri-müəyyənliyi həll etmək üçün isə bizim köməyimizə təxəyyül, təsəvvür və təsviretmə qabiliyyəti gəlir. Biz milyon illər əvvəl baş verən prosesləri təsəvvür edirik, daha sonra onu analiz edib hansısa nəticəyə gələ bilirik. Həmçinin, qazma aparan zaman yerin altını görmürük, sadəcə müəyyən köməkçi vasitələrlə istiqaməti hansı süxuru keçdiyimizi təxmin edirik. Bununla yerin altında süxurların hansı formada yatdığını da müəyyənləşdirdiyimiz hallar olur.
Bu, mənim bədii təsvirləri sevməyimdən irəli gəlir, yəqin. Prosesi oxuyaraq, anlayaraq gözümdə canlandırdıqda ondan daha çox zövq ala bilirəm. Ona görə də geologiyanın qeyri-müəyyənliyini və onun yaratdığı təxəyyül amillərini sevirəm.
Çətin tərəfləri...
Məncə, çətin tərəfləri də qeyri-müəyyənliyidir. Çünki müxtəlif fikirlərin olması qərar vermə prosesini çətinləşdirir. Hər iki fikir doğru ola, biri düzgün, digəri yalnış ola, ya da heç biri doğru olmaya bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay