“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Avropa İttifaqının (Aİ) tənzimləyici orqanları “Microsoft” korporasiyasına qarşı antiinhisar qanunlarını pozduğuna görə ittiham irəli sürməyə hazırlaşırlar.
Qeyd olunur ki, Avropa Komissiyası (AK) Amerika İT nəhənginə qarşı monopoliya yaratmaqda ittiham irəli sürəcək. Səbəb mesajlaşma, video zənglər və sənədlər üzərində birgə iş üçün nəzərdə tutulmuş “Teams” korporativ servisi olub.
Brüsseldə hesab edirlər ki, “Teams” oxşar xidmətlər üçün bazarda rəqabəti pozur, çünki tətbiq “Windows” əməliyyat sistemi və “Microsoft”un digər məhsulları ilə sıx inteqrasiya olunub. Servis, həmçinin istifadəçi məlumatlarının başqa platformalara ötürülməsinin qarşısını alır. Əgər “Microsoft”un günahı sübuta yetirilərsə, korporasiya qlobal illik dövriyyənin on faizinə qədər böyük məbləğdə cərimə ödəməli olacaq.
Aprel ayında tənzimləyici yoxlamalardan yayınmaq istəyən “Microsoft”, “Teams”i “Office” proqram paketindən ayırıb. Məlumata görə, rəsmi ittiham bir neçə həftə ərzində irəli sürülə bilər.
Xatırladaq ki, 2013-cü ildə Aİ “Windows” istifadəçilərinə “Internet Explorer” brauzerini təklif etdiyi üçün “Microsoft”u 561 milyon avro cərimələyib.
© Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay