Biznes maqnatlarının milyard dollarlıq boşanmaları. Dünyanın ən zəngin insanları niyə boşanır?
Kouç, münasibətlər üzrə ekspert Kama Ahmad Valyuta.az üçün yazır...
Dünyanın ən zəngin və biznes sahəsində zirvələrə yüksələn şəxslərin şəxsi həyatlarının təhlili göstərir ki, onların çox qismi həyatlarının ailə və münasibətlər sferasında uğurlu ola bilmirlər. Yüksək profilli milyarderlərin ailə münasibətlərinə nəzər yetirək:
Bill Qeytsin 76 milyard dollarlıq boşanması
27 illik evliliyi 2021-ci ildə bitən Bil Qeytsin 3 uşağının anası və biznes ortağı Melinda Qeytsə evliliyi boyunca xəyanət etdiyi bildirilir. Evlənən zaman nigah müqaviləsi bağlamayan Bill Qeytsin boşanma zamanı Melindaya 76 milyard dollar ödədiyi bildirilir.
Qeytsin evlilikdən sonra ilk sevgilisi Anna Winbladla Melindanın xəbəri ola-ola Winbladın Şimali Karolinanın sahilindəki çimərlik kottecində hər il görüşdüyü gizlədilmir. Hətta Qeyts Melinda ilə evlənməzdən öncə Annanın razılığını belə alıb.
Cef Bezosun 38 milyard dollarlıq boşanması
25 illik evliliyi 2019-cu ildə bitən Cef Bezosun arvadı Makkenzi Skot onun 4 uşağının anası olmaqla yanaşı Amazonun ilk işçilərindən biri olmuş və ona biznesini qurmaqda kömək etmişdir. Makkenzi Bezos Start Up-ına başlamaq istədiyini bildirəndə ona inanmış və dəstək olmuşdur.
Anlaşmalı boşanma hesab olunsa belə boşanmanın altında yatan əsas səbəb Bezosun xəbər aparıcısı Lauren Sanchezlə münasibəti olub. Cütlüyün boşanması tarixin ən bahalı 2-ci boşanması hesab olunur.
Bezosun və Qeytsin misalında görə bilirik ki, uzunmüddətli evliliklərdə boşanmalar (grey divorce) artıq normallaşıb. Zəngin olduqları üçün qayğısız hesab olunan insanlar belə həyat yoldaşlarının səhvlərini görməzdən gəlməkdən və bağışlamaqdan yorula bilirlər...Əldə oluna biləcək hər şeyi birgə əldə edən yoldaşlar artıq birgə məqsədlər qalmadıqda və uşaqları yuvadan uçub getdikdən sonra(“empty nest”) həyatlarında böyük boşluq hiss edir və boşanma ilə həyatlarında yeni səhifə açmağa çalışırlar.
Elon Muskın 2 arvadıyla 3 boşanması
Qalmaqalla bol şəxsi həyatı olan Elon Musk ilk həyat yoldaşı və 5 uşağının anası Justine Muskla 8 illik evliliyini 2008-ci ildə bitirmiş və boşanmadan 6 həftə sonra aktrisa Talulah Rileylə nişanlanmışdır. İki il sonra Talullahla evlənən Musk onunla 2012 -ci ildə boşanmış və 2013-cü ildə onunla yenidən evlənərək 2016-cı ildə bir daha boşanmışdır.
Musk hər iki evliliyində də keçmiş həyat yoldaşlarına nigah müqaviləsi imzaladaraq onlara sərvət ödəməkdən özünü qoruyub. İlk arvadı Elonun tez-tez onun intellektual səviyyəsinin yetərli olmadığı ilə bağlı rəylər bildirdiyini, həyatındakı bütün qadınları dəyişdirməyə çalışdığını və münasibətdə dominat, manipulyativ olduğunu deyir. İlk həyat yoldaşının münasibətləri üzərində işləmək təklifini rədd edən Elon hər 3 boşanmasının təşəbbüskarı olub. 2 dəfə evlənib boşandığı Aktrisa Tallulah Rileyə sevgisinin keçdiyini bildirən Elon Muskun evlilikdən kənar uşaqları olduğu bildirilir.
Sergey Brinin iki boşanması
Google şirkətinin həmtəsisçisi və dünyanın 10-cu ən zəngin insanı sayılan Sergey Brin 2 uğursuz evlilik geridə qoyub. Sergey Brin ilk arvadı və iki uşağının anası Anne Wojcicki ilə Google əməkdaşı Amanda Rosenberg ilə əlaqəsi ortaya çıxdıqdan sonra 2015-ci ildə boşanıb. Brin boşamasının ardından dərhal ikinci arvadı olacaq Nicole Shanahan ilə münasibətə başlayır və onunla 2022-ci ildə həyat yoldaşının dostu Elon Musk ilə münasibəti haqqında şayiələr səbəbilə boşanır. Sergey Brin hər iki evliliyində də nigah müqaviləsi imzalayaraq sərvətini bölünmədən qoruyub.
Dünyanın ən zəngin və uğurlu insanları hesab olunanların şəxsi həyatını araşdırdıqda çox zəngin olmağın ailə səadəti ilə əlaqəsi olmadığını anlaya bilirik.
Boşanmaların hər birinin kökündə xəyanət durur. “Uğurlu” insanlar 3-4-5 uşaqlarının analarını onların çətin zamanda yanlarında olan, biznesə başlamaqda dəstək olan həyat yoldaşlarını gənc qadınlara dəyişir. Təəssüf ki, sədaqət və vəfa milyarların ala bilməyəcəyi dəyərlərdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay