Azərbaycanda sahibkarların neçə faizini qadınlar təşkil edir? - STATİSTİKA
Azərbaycanda qadınlar sahibkarlıq fəaliyyətindən çox muzdlu əmək fəaliyyətini daha üstün tuturlar.
Valyuta.az xəbər verir ki, muzdlu işçilərin təxminən 40 faizini qadınlar təşkil etdiyi halda fərdi sahibkarlar arasında qadınların payı 23 faizə yaxındır.
Azərbaycanda təxminən 1,7 milyon muzdlu işçi var və onların 694 minə yaxını qadınlar, 1,06 milyonu kişilərdir.
Buna baxmayaraq, bəzi sahələr var ki, burada qadın işçilərin sayı daha çoxdur. Həmin sahələrdən səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində muzdla çalışanların 77,5 faizi, təhsildə 73 faizi, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların isə 61 faizi qadınlardan ibarət olub. Qadınlar ən az tikinti (cəmi işçilərin 7,5 faizi), mədənçıxarma sənayesi (12,2 faiz), nəqliyyat və anbar təsərrüfatı (16,5 faiz) sahələrində çalışırlar.
Sahibkarlıq fəaliyyətində qadınların aktivliyi çox aşağıdır. Rəsmi statistikaya görə, cəmi fərdi sahibkarların 23 faizi qadın olsa da reallıqda həmin qadınların bir çoxu sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Təcrübədən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kişilərin bəziləri biznes fəaliyyətini ya həyat yoldaşlarının, ya da qızlarının adına rəsmiləşdirirlər. Faktiki vəziyyət nəzərə alındığında fərdi sahibkarlar arasında qadınların payı bir qədər də aşağıdır. Qadınların aktivlik göstərdiyi sahibkarlıq sahələri də var. Amma həmin sahələrdə də onların payı aşağıdır. “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində sahibkarların 25,3 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,4 faizini qadınlar təşkil edir.
Sahibkar qadınların 28,8 faizi Bakıda, 10,3 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (27,6%), Gəncə Daşkəsən (25,7%), Naxçıvan Muxtar Respublikası (25,6%), Bakı (24,5%), Lənkəran-Astara (22,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay