Avtomobil alıb icarəyə vermək uğurlu investisiyadır?
İnvestisiya növlərinə maraq ölkələrə görə dəyişə bilir. Azərbaycanda da populyar investisiya növləri var. Onlardan biri də hazırda çox aktual olan avtmobil alıb icarəyə verməkdir. Bəs bu yatırım növü nə qədər effekli olur? Bunu yatırım vasitəsi kimi uğurlu hesab edə bilərik?
Bu barədə Valyuta.az-a danışan biznes konsultant Pərviz Əzimov bildirib ki, Azərbaycan kimi ölkələrdə insanlar bu cür yatırıma üstünlük verirlər: “Avtomobil investisiyası son 4-5 ildə Azərbaycanda çox aktivləşib. Bunun əsas səbəbi də taksi bazarının geniş yayılmasıdır. 10-15 min manat civarında avtomobillərə investisiya yatırıb onu kirayə vermək çox geniş yayılıb. Bunun səbəbi də köhnə avtomobillərin alınması və müxtəlif şəxslərə kirayə verilməsi ilə bağlıdır. Daha aşağı məbləğlə investisiya edirlər və aylıq müəyyən gəlirləri yaranır”.
P.Əzimov deyir ki, hazırda bu investisiya yönü aktual olsa da, bir müddət vəziyyətin necə olacağı sual altındadır: “Son dövrlər istər taksi fəaliyyəti ilə, istərsə də istehlak olunan avtomobillərlə bağlı bəzi yeni qanunlar qəbul olunub. Məsələn, yeni qaydalara görə istehsal ili 10 ili keçməyən avtomobillər ölkəyə gətirilir. Hazırda isə ölkədəki taksi parkının böyük əksəriyyəti utilizasiyaya gedəcək səviyyədə olan köhnə avtomobillərdir. Yəni, bu proses sürətləndirilsə, utilizasiya prosesinin əsas payını taksi fəaliyyətinə yönəldilən avtomobillər təşkil edəcək. Taksi fəaliyyəti ilə bağlı yeni qanunlar, yeni tənzimləmələr qəbul olunsa, bu, avtomobil sahəsində olan investisiyanı nisbətən azaldacaq. Çünki ölkəyə gətirilən avtomobillər yeni və daha baha qiymətə olacaq. Hətta bu yaxınlarda bu kimi şirkətlərin bəzilərinin öz avtomobil parkını satışa çıxarmasının da şahidi oluruq. Yəni bu tənzimləmələr fonunda gələcəkdə bu tipli investisiyaların nə dərəcədə effektli olacağını proqnozlaşdırmaq çətindir. Çünki tənzimləmələrin konkret nələrdən ibarət olunduğu hələ ki bilinmir”.
Dünyada bu prosesin bizdən fərqli irəlilədiyini qeyd edən konsultant digər yatırım növlərindən də danışıb:
“Dünyada yatırım platformaları var, orada insanlar daha çox investisiya edirlər. Bizdə bu platformalar yoxdur. Məsələn, platforma var, orada startaplara, bizneslərə yatırım edirsən. Türkiyədə "Melek yatırım" platforması buna misal ola bilər. Bizdə də son dövrlər belə platformalar yaranmağa başlayır, amma hələ ki, çox inkişaf etməyib. Gələcəkdə düşünürəm ki, Azərbaycan bazarı da texnoloji olaraq inkişaf etsə, yatırımların bir hissəsi bu tipli startaplara, yeni bizneslərə olacaq. Təbii ki, burada hər zaman uğurlu olmaq söhbəti yoxdur, amma uğurlu olduğunuz zaman fantastik gəlirlər əldə edə bilərsiniz. Mövcud vəziyyətdə Azərbaycan bazarında bir neçə il əmlak və avtomobil yatırımları əsas yatırım forması olacaq”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay