Yaxşı satıcı yetişdirmək üçün sahibkar pul xərcləməlidir – Ekspert
Bütün şirkətlər satışının yaxşı getməsini istəyirlər. Təbii ki, satışın yaxşı getməsi tək satış mütəxəssisindən asılı deyil, amma satış mütəxəssisindən asılı olan məqamlar çoxdur. Satış mütəxəssisi bacarıqlı olmayan şirkətlərin işlərinin yaxşı irəliləməsi mümkün deyil. Buna görə də şirkətlər yaxşı satış mütəxəssisi tapmağa çalışırlar. Bəs yaxşı satış mütəxəssisini seçməliyik, yoxsa, satıcını mütəxəssisə çevirməliyik?
Bu barədə Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir bildirib ki, yaxşı satış mütəxəssisini tapmaq yox, yetişdirmək lazımdır:
“Azərbaycanda satış professional peşə olaraq görünmədiyi üçün daha çox insanlar “normal bir iş tapana kimi get satıcı, ofisiant işlə” kimi fikirlərlə yanaşırlar. Bu da yaxşı satış mütəxəssisinin tapılmasının qarşısında duran ən böyük əngəllərdən biridir. Digər tərəfdən bizim sahibkarların çoxunun satış mütəxəssini yetişdirmək, onlara professional təlim keçmək üçün pul xərcləməkdən boyun qaçırmaları bu problemi yaradan ən böyük səbəblərdən biridir. Sahibkarlar deyir ki, satıcıya bu qədər pul xərcləyəndən sonra onun işdən ayrılıb-ayrılmamasına təminat vermək olmaz. İşçi işdən çıxsa belə, bu peşədə peşəkarlaşmamış satıcının işlədiyi müddət boyu verəcəyi ziyan, o satıcının təlimi və peşəkarlaşması üşün xərclənəcək puldan daha çoxdur”.
Təlimçi qeyd edib ki, bizim şirkətlərin çox böyük hissəsi satıcını işə götürən zaman onlara təlim vermirlər:
“Məsələn, satıcını işə götürürlər və iş mühitinə uyğunlaşması üçün digər satıcılardan ona kömək olunması istənilir. Həmin satıcının hansı sahə üzrə yetişdirmək lazım olduğunu bilmədən bu proses həyata keçirilir. Ortada təkmilləşdirci təlim proqramı yoxdur və həmin satıcını kimin necə yetişdirəcəyi sual altındadır. Yaxşı satıcı tapsanız belə, onun şirkətin içində işə başlayan zaman düzgün yönlənirilməyəndə həmin satıcını da itirirsiniz. Buna görə də yaxşı satıcı tapmaqdan əvvəl bizim sahibkarlar yaxşı satıcı yetişdirmək üçün pul xərcləməlidirlər”.
“Satış Azərbaycanda insanların keçici olaraq baxmadığı, bir peşə olaraq baxdığı zaman yaxşı satıcı tapmaq da daha asan olacaq” - deyə, A.Kandemir vurğulayıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay