Biznes ideyasını bazara çıxarmazdan öncə keçilməli olan 5 mərhələ
Hər kəsin ağlından ən az bir dəfə də olsa, biznez yaratmaq fikri keçir. Hətta bir çox şəxslərdə biznes ideyası da yaranır. Amma bəzi insanlarda biznes ideyaları yaransa da, bunu biznes kimi formalaşdıra bilmirlər. Hansısa səbəblərə görə sadəcə ideya olaraq qalır.
Valyuta.az biznes ideyalarımızı necə reallığa çevirə bilməyimizlə bağlı rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədovanın şərhini təqdim edir.
R.Məmmədova biznes ideyasının yaranmasının əsas 3 faktordan ibarət olduğunu qeyd edib.
1. Şəxsi müşahidə. Yəni, gələcək sahibkar görür ki, cəmiyyətdə müəyyən xidmətlərə və ya məhsullara tələbat var. Amma bu tələbatı qarşılayan təklif yoxdur.
2. Digərlərin biznesləri. Digərləri biznes qurur, uğurlu alınır və qalır onu sadəcə eyni biznes modeli kimi kopyalamaq, sadəcə fərqli məkanda xidmət göstərmək. Bu böyük bizneslər də ola bilər, məsələn, binaları inşa olunması. Xırda biznes də ola bilər, məsələn, ətir satışı.
3. Startap. Yerli bazarda olmayan yeni biznes model. Bu ən çətinidir. Çünki startapların 90% inkişaf etmiş və insanların ödəniş qabiliyyəti yüksək olan Avropa və ABŞ bazarlarında belə uğursuzluqla üzləşir.
“Amma biznes ideyasının formalaşması onun reallığa çevrilməyi demək deyil. Çünki biznes modelin gəlirli olmasını praktikada, real bazar şəraitində yoxlamaq lazımdır. Bunun üçün 5 mərhələ keçmək tələb olunur”- deyə, mütəxəssis vurğulayıb.
1. Araşdırma. Mütləq məlumat toplamaq lazımdır. Bu “face to face” ola bilər, yəni, gələcək potensial alıcılarla müsahibə, bu sahənin ekspertləri ilə görüş və rəqiblərin satışlarının analizi ola bilər.
2. Biznes plan. Toplanan məlumatlar plana çevrilməlidir. Plan həmişə işləmir. Amma onun olmaması gələcəyə atılan addımlarda xaos yaradır.
3. Maliyyə. İngilislərdə bir söz var. Yəni biznes üçün FFF pul cəlb etmək olur. Family (ailə), Friends (dostlar), Fools (axmaqlar). Yəni yeni biznes üçün yatırım tapmaq çox çətindir, xüsusilə də ilk etaplarda. Amma yatırımsız işə başlamaq mümkün deyil. Xidmət sahədə olsa belə reklam büdcələri, ofis və digər xərclərin bağlanması üçün yatırım lazımdır.
4. Resursların cəmlənməsi. Söhbət vaxt və insan resurslarından gedir. Orta və kiçik biznesdirsə, komanda mütləqdir. Mikro biznesdirsə, yenədə planın realaşdırması üçün ideya müəllifi öz vaxtını ayırmalıdır.
5. İdeyanın test olunması. Bu mərhələ daha çox mikro və kiçik bizneslərə aiddir. Məhsulun xidmətin MVP (minimum viable product) versiyası olmalıdır. Çünki bazarın, alıcıların necə reaksiya verəcəyini heç kim bilmir. Necə deyərlər ziyanın yarısından qayıtmaq da xeyirdir. Yalnız məhsul gəlir verməyə başlayanda biznes ideyanın tam uğurlu olmasını anlayırıq.
R.Məmmədova əsas cəhd etmək lazım olduğunu bildirib:
“Bu 5 mərhələ qorxulu gələ bilər, amma real praktikada bu etapları 1 ay ərzində keçib, biznes ideyasını realaşdırmaq olar”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay