Hibrid iş forması nə qədər faydalı olur?
Dünyada ən geniş yayılmış iş sistemlərindən biri də hibrid iş formasıdır. Bir çox ölkələrdə insanların həm evdən, həm də ofisdən işləməsi üçün şərait yaradılır. Xüsusilə də pandemiyadan sonrakı vaxtlarda bu proses daha da sürətlə inkişaf edir. Bəs Azərbaycanda hibrid iş formasından istifadə olunması, ümumiyyətlə hibrid iş sisteminin nə qədər effektiv olması və ofisdə görülən işi əvəz edə bilməsi mümkündürmü?
Valyuta.az məsələni HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə ilə müzakirə edib. İlkin Mirzəzadə bildirib ki, hazırda Azərbaycanda və dünyada hibrid iş forması çox aktualdır:
"Bunun əsas səbəbi pandemiyada insanların uzun müddət məsafədən işləməsi oldu və ofislərə qayıtmaq çətinləşdi. Ona görə hibrid iş formasına üstünlük verildi. Əslində hibrid iş formasının tətbiq olunmasının həm şirkət, həm də işçi baxımından olduqca müsbət tərəfləri var. Birincisi, şirkət baxımından xeyirləri odur ki, şirkət daha kiçik ofisdə daha çox əməkdaşların işə cəlb olunması ilə işini qura bilər. Deyək ki, 20 nəfərin yerləşəcəyi ofis tutar, amma əməkdaş sayı 40 ola bilər. Bunları hibrid iş forması tətbiq etməklə, onların növbələşmə ilə ofisdə oturmasını təmin edə bilər".
Konsultant qeyd edib ki, bu, həm resurslara, həm də şirkətin xərclərinə ciddi qənaət edəcək. Amma burda effektivlik söhbəti də olduqca vacibdir:
"Çünki əməkdaşların bəziləri bu hibrid iş formasından sui-istifadə edirlər. Bu böyük şirkətlərdə daha çox görünür. Məsələn, saat 9-da iş başlayır, amma əməkdaş o zaman yuxudan oyanır, sadəcə kompüterin açıq saxlayır və işləmiş kimi göstərir. Həmçinin buna nəzarət məsələsi də var, əməkdaşın evdən işlədiyi günlər onun işinə nəzarət olunmalıdır ki, həqiqətən də iş prosesi getsin. Konkret hibrid formada çalışan şirkətlərin taskları olmalıdır və bunlar da zamanla həll olunmalıdır. Hibrid formada işləyən vəzifə sayları limitlidir, bəzi vəzifələr var ki, burda hibrid formada işləmək mümkün deyil. Amma, proqramçılar, marketoloqlar, HR-lar, digər inzibati işçilər hibrid formada işləyə bilər".
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay