BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
40820

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər. Bu halda köhnə 7-9 mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi? 

Bu proses panel doqquzmərtəbələrə də keçə bilər

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirdi ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir: “Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”. 

Həyət evləri də plandadır

V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir: “Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”. 

Müasir tələblərə uyğunlaşdırmaq lazımdır

Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var: “Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.

Bu binalarda yaşamaq təhlükəlidir

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır: “Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.

Daha çox azmərtəbəli binaları sökürlər 

E.Fərzəliyev dedi ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil: “Köhnə çoxmənzilli binalara 9-10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 7-10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.

Fəlakətlər baş verməməsi üçün

Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır: “Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər 3-5 mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.

Kaspi qəzeti - Zərif Salmanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin