Şirkətdə sənin ideyana ehtiyac var? – Təşəbbüs irəli sürəndə diqqət edilməli nüanslar
Anar Bayramov,
“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant
Tez-tez menecerlər ya yuxarı rəhbərliyə, ya da sahibkarlara yeni ideyalarını, təşəbbüslərini təqdim edirlər. Təşəbbüslərin əksəriyyəti şirkətə fayda vəd etsə də, həm də şirkətdən - sahibkardan resurs istəyir. Buna görə də həmin təşəbbüs çox yaxşı şəkildə əsaslandırılmalıdır. Bu zaman nələrə diqqət yetirmək lazımdır?
1. Bu ideya yerinə düşürmü? Şirkətin hazırda buna ehtiyacı varmı? Əsaslandırmaq lazımdır
Bu təklif hardan çıxdı? Yeridirmi? Ən önəmli məsələlərdən biri irəli sürülən ideyanın, təşəbbüsün yerinə düşməsidir. Məsələn, bir çox hallarda yeni ideyalar şirkətin hansısa əskiyinin bağlanmasına yönəlir. Bu halda ehtiyac düzgün əsaslandırılmalıdır. Şirkət nədən əziyyət çəkir? Hansı problemimiz həll olunacaq?
2. Konkretlik
İdeya və əsaslandırılması çox konkret olmalı və asan başa düşülməlidir. Rahat “həzm olunan” təqdimat olmalıdır ki, rəhbərlikdə əlavə suallar yaratmasın. Çox uzun-uzadı da olmamalıdır.
3. Şirkətin strategiyası ilə əlaqələndirmək önəmlidir
Bu zaman hər şeyə sıfırdan başlamağa ehtiyac qalmayacaq. Şirkət böyük çək-çevirdən sonra strategiyasını təsdiq edib. Sənin ideyan da strategiyanı dəstəkləyirsə, həmin ideyanın keçmək şansı xeyli artır.
4. Dünya trendləri ilə əlaqələndirmək
Yəni dünya bu istiqamətə gedir, biz getməsək geridə qalarıq.
5. Araşdırma və analitika ilə bərkidilmiş olmalı
Rəhbərlik görməlidir ki, ideya boş deyil. Hərtərəfli düşünülüb, təhlil olunub, hər bir şey nəzərə alınıb, rəqəmlərlə əsaslandırılıb və s. Önəmli məsələlərdən biri də proqnozlarda istifadə olunan təxminlərin (assumption) əsaslı olmasıdır. Rəhbərlik sual verəcək ki, bu təxminlər nəyə əsasən götürülüb?
6. Təkcə müsbət tərəfləri göstərmək doğru deyil
Bir çox hallarda ideya müəllifləri yalnız pozitiv məqamları qabartdıqları üçün, çox önəmlidir ki, təşəbbüsün mənfi cəhətlərini, risklərini, təhlükələrini də qeyd edəsən və onların həlli yolları üzrə fikirləri bildirəsən.
7. Maliyyə cəhətdən və digər faydaların əsaslandırılması
İdeyanın və ya təşəbbüsün həm maliyyə cəhətdən, həm də digər perspektivlərdən şirkətə dəyər qatdığı görünməlidir. Ola bilər birbaşa maliyyə gəliri yetərincə olmasın. Əsas odur ki, şirkət ümumilikdə bu layihə ilə dəyər yarada bilsin - müştəri məmnuniyyəti, marka dəyəri, korporativ imic və s. baxımından.
8. Ekspert fikri
İdeyanın real olması əsaslandırılmalıdır. Bu mənada rəhbəri əsas rahatladacaq amil ekspert fikri olar. Bu sahənin ekspertləri (subject-matter experts) nə deyir? Onlarla məsləhətləşilib?
9. Alternativlərin göstərilməsi
İrəli sürülən ideyanı alternativlərlə müqayisə etmək məqsədəuyğundur. Çünki qəarvermənin əsas elementlərindən biri alternativləri dəyərləndirməkdir. “Heç nə etməmək” də bir alternativdir hər zaman, bunu da nəzərə almaq lazımdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay