"Apple" cihazlarında boşluq aşkarlandı - Hakerlər bunun vasitəsilə...
Rusiyada fəaliyyət göstərən “Kaspersky” proqram təminatı şirkəti, “iPhone” smartfonlarında indiyə qədər görülmüş ən mürəkkəb təhlükəsizlik boşluqlarının aşkar edildiyini bildirib.
Valyuta.az xəbər verir ki, çərşənbə günü şirkətin təhlükəsizlik rəsmilərindən Boris Larin tərəfindən dərc edilən hesabatda, "Triangulyasiya əməliyyatı" adlı hadisədə hakerlərin "Apple"in telefonlarındakı "iMessage" funksiyası vasitəsilə cihazlara daxil ola bildiyi açıqlanıb. Bildirilib ki, kiberhücum "iMessage"a əlavə edilmiş zərərli proqram təminatı ilə həyata keçirilib və telefonların mikrofonlarına, kameralarına, eləcə də cihazdakı fotoşəkillərə, məkan məlumatlarına və həssas məlumatlara daxil olmaq imkanı verib. Hakerlərə cihazları tamamilə ələ keçirməyə imkan verən proqram “sıfır klik”lə aktivləşdirilir, yəni istifadəçi göndərilən hər hansı linkə klik etmədən aktivləşdirilir.
Hesabatda bu zəifliyin "Apple" və "ARM Holdings" kimi çip təminatçıları xaricində az adamın bildiyi bir aparat xüsusiyyəti" ilə bağlı olduğuna diqqət çəkib. Bu açığı bir ildir araşdırdıqlarını ifadə edən Larin, söz mövzusu "hardware" xüsusiyyətinin cihazlardakı proqram təminatı tərəfindən istifadə olunmadığına diqqət çəkərək, hakerlərin bunu necə kəşf etdiyini hələ anlamadıqlarını bildirib. Tədqiqata görə, bu "hardware" xüsusiyyəti "Apple" mühəndisləri tərəfindən inkişaf prosesi zamanı sazlama və müxtəlif testlər üçün cihaza yerləşdirilə bilər. Bununla belə, bu xüsusiyyətin çox güman ki, səhvdən qaynaqlandığı vurğulanıb.
Həmçinin bildirilib ki, hakerlər hətta “sıfır-gün” adlanan dörd proqram zəifliyindən istifadə ediblər ki, bunlardan ilkin olaraq istehsalçıların belə xəbəri yoxdur. Sözügedən proqram təminatı boşluqları "Mac", "iPod", "iPad", "Apple TV" və "Apple Watch" məhsullarında, eləcə də "iPhone"da aşkar edilib.
ABŞ-da yerləşən Ars Technica texnoloji saytının məlumatına görə, "Apple" sözügedən proqram təminatı boşluqlarını yeni yeniləmələrlə bağlayıb. Digər tərəfdən xəbərdə texnologiya nəhənginin şərh verməkdən imtina etdiyi bildirilir.
"Kaspersky" sözügedən proqram təminatı problemləri ilə bağlı ilk açıqlamanı iyunun birində vermişdi. Şirkət bəzi işçilərinin "iPhone"larına hücum edildiyini bildirib. Şirkətin yeni hesabatında ilk dəfə olaraq bu hücumun texniki analizi və miqyası açıqlanıb. Həmin gün Rusiyanın daxili təhlükəsizlik qurumu Federal Təhlükəsizlik Xidməti (FSB) yüzlərlə siyasətçi, diplomat və dövlət məmurunun "iPhone"larının sındırıldığını açıqlayıb.
FSB hücumlara görə ABŞ Milli Təhlükəsizlik Agentliyini (NSA) məsuliyyət daşıdığını və "Apple"ın Amerika kəşfiyyat xidmətləri ilə birlikdə işlədiyini iddia edib. "Apple" iddiaları rədd edərək və heç bir cihazda "arxa qapı"nın yerləşdirilmədiyini və NSA ilə işləmədiklərini iddia etdi. NSA isə iddialarla bağlı açıqlama verməyib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay