“Əlilliyi olan şəxsləri yazığınız gələrək yox, qabiliyyətinə görə işə götürmək lazımdır”
Marketinq üzrə menecer, İspaniyada yaşayan Anjana Raj Vaid 20 ildən çox Azərbaycanda yaşayıb. O, əlilliyi olan şəxsdir. Anjana xanım İspaniyaya gedəndən sonra fərqinə varıb ki, Azərbaycanda əlillərin rahat yaşaması üçün şərait kifayət qədər deyil. Onun sözlərinə görə, Azərbaycanda cəmiyyət əlilliyi olan şəxsləri heç nə bacarmayan insanlar kimi görür:
“Azərbaycanda insanlar əlilliyi olan şəxslərin karyeralarının olduğunu görməyə öyrəşməyiblər. Bunun səbəblərindən biri odur ki, cəmiyyət əlil şəxsləri daha çox dilənçi qismində görür. Həm də stereotiplərin təsiri ilə əlil şəxsləri tamamilə heç bir şey bacarmayan insanlar kimi görürlər. Buna görə də, əlilliyi olan şəxslərə əlilliyi olmayan insanlar kimi eyni imkanlar verilmir”.
Anjana xanım onu da qeyd edir ki, Azərbaycanda əlilliyi olan şəxsləri daha çox bacarığına görə yox, ehtiyacı olduğunu düşündüklərinə görə işə götürürlər:
“Fikrimcə, əlil şəxslərə iş təklif etməzdən əlavə, cəmiyyəti maarifləndirməliyik. İşə götürənlər, cəmiyyət bilməlidir ki, əlil şəxslər də hər kəs kimi istədiklərinə nail ola bilər. Çünki əks halda insanlar əlilliyi olan şəxsləri qabiliyyətlərinə görə yox, onlara yazığı gəldiyi üçün işə götürə bilərlər. Məsələn, hazırda işlədiyim müəssisə məni əlil olduğuma görə yox, bacarığıma görə işə qəbul edib. Əlilliyi olan şəxsləri yazığınız gələrək yox, qabiliyyətinə görə işə götürmək lazımdır”.
Həmsöhbətimiz bildirir ki, əlil şəxslərin rahat işləməsi üçün infrastruktur cəhətdən də şərait yaradılmalıdır. Onun sözlərinə görə, Azərbaycanda infrastruktur əlil şəxlər üçün rahat deyil:
“Əlil arabası ilə rahat hərəkət etmək üçün pandusların əlçatan olması çox vacibdir, görmə qüsuru olan işçilər üçün “screen reader”ləri (ekran-oxucuları) kimi əlçatan texnologiyalar və nəqliyyat təşkil edilməlidir. Çünki Azərbaycandakı taksilər ümumiyyətlə, əlil arabası üçün uyğun deyil. Ancaq London taksiləri uyğundur, amma o taksilər bahadır, adi çalışan insanların büdcəsinə uyğun deyil”.
Son olaraq isə Anjana xanım vurğulayır ki, şərait əlçatan olsa, əlil şəxsləri dilənçi qismində yox, karyera sahibi kimi görə bilərik:
“Əgər cəmiyyətimiz əlil şəxsləri hamı kimi qəbul edə bilsəydilər, onlar üçün əlçatan şəraitlər təşkil etsəydilər, Bakının gözəl küçələri mənim kimi bacarıqlı, istedadlı əlil şəxslərlə dolu olardı”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay