İnsanlar kənd təsərrüfatı sahələrindən niyə uzaqlaşır? (ŞƏRH)
"Kənd təsərrüfatında yaradılan dəyər aşağı olduğundan bir növ insanları bu sahədən uzaq salır".
Bu sözləri Valyuta.az-a iqtisadçı Eldəniz Əmirov regionlarda yaşayan əhalinin sosial, iqtisadi vəziyyəti haqqında danışarkən deyib.
İqtisadçı deyib ki, bölgələrdən insanların Bakıya üz tutmasının bir neçə səbəbi var:
“Bunlardan biri gəlir məsələsi ilə bağlıdırsa, digəri isə sosial faktorlarla bağlıdır. Regionlarda məşğulluğun səviyyəsinin aşağı olması bankların regionlara kredit verməkdə o qədər də istəkli görünməməsi, eyni zamanda regionlarda sosial aktivliyin, sosial həyatın o qədər də insanlar üçün qənaətbəxş olmaması insanların paytaxta doğru axın etməsinə gətirib çıxarır. Təbii olaraq müxtəlif dövlət proqramları icra olunur. Əvvəlki illərlə müqayisədə kifayət qədər irəliləyiş var. Bu gün ölkədə işləyən hər 100 nəfərdən 36-sı kənd təsərrüfatının payına düşür. Amma bununla belə meşə təsərrüfatı və balıqçılıq da daxil olmaqla ÜDM-in payı kənd təsərrüfatında cəmi 5-6 faiz arasında dəyişir”.
Həmsöhbətimizin sözlərinə görə, intensiv kənd təsərrüfatı fəaliyyətinə üstünlüyün verilməsinə, məhsuldarlığın artırılmasına çox böyük ehtiyac var:
“Buna görə də maliyyə resurslarına da, güzəştli kreditlərə də ehtiyac var. Ən əsas isə kənd təsərrüfatı ilə bağlı regionlarda resursların ədalətli bölgüsünə ehtiyac var. Bura torpaq, su və s. daxildir. Düşünürəm ki, resursların ədalətli bölgüsü olarsa, bu, kənd təsərrüfstının inkişafına ən böyük fayda vermiş olar”.
“Daha sonra isə rayon mərkəzlərində mümkün qədər sosial həyatın elementlərini yaratmağa ehtiyac var. Demirəm ki, Bakıda olan iri ticarət mərkəzlərindən, kinoteatrlardan, əyləncə mərkəzlərindən orda da yaradılsın, amma ən azından insanların sosial ehtiyaclarını qarşılaması üçün müəyyən infrastruktura ehtiyac var. Bütün bunlar kompleks şəkildə edilərsə Bakıya olan axının qarşısı alına bilər”, deyə iqtisadçı əlavə edib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay