
Kurs açmaq üçün lazım olan maliyyə və biznesin riskləri
Demək olar ki, hər addım başı qarşımıza bir kurs çıxır. Hər sahəni, hər peşəni tədris edən kurslar var. Daha çox abituriyentlərin kurslara üz tutduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki balaca uşaqlardan başlayaraq hər yaş kateqoriyası üçün kurslar fəaliyyət göstərir. Tələbat artdıqca, biznes adamları da kurslara doğru yönəlir. Kurs sektoru qarışıq görünsə də, hüquqi prosesləri olduqca rahatdır. Həm də kurs biznesinə başlamağın nə qədər çətin olacağı sizin təsəvvürünüzdəki kursdan asılıdır.
Biznes və karyera məsləhətçisi Qadir Xəlilli Valyuta.az-a kurs açmaq istəyənlərin nələri bilməli olduğunu danışıb.
Onun sözlərinə görə, hər sahədə olduğu kimi, bu sahəyə bazar araşdırması ilə başlamaq lazımdır: “Kurs açmaq istəyən biri öncəliklə bazarı araşdırmalıdır. Hansı ərazidə kurs açacaq, kurs açacağı yerdə hansı kurslar var, hansı xidmətləri göstərirlər, hansı qiymətə xidmət göstərirlər və s. nüansları mütləq şəkildə bilməlidirlər. Kurs açmaq istəyən mütləq şəkildə ya hər hansısa kursda fəaliyyət göstərən biri olmalıdır, yaxud mütəxəssisdən məsləhət almalıdır. Yəni işdən, prosesdən məlumatlılıq önəmlidir”.
Kurs açmaq üçün lazım olan büdcəyə gəldikdə isə, mütəxəssis deyir ki, kurs biznesində başlanğıc büdcə deyə bir şey yoxdur. Nə qədər xərcinizin çıxacağı biznes plandan asılıdır: “Məsələn, ola bilər ki, böyük bir binada kurs açmaq istəyirsən, təbii ki, böyük binanın böyük xərci var. Və ya sürücülük kursu açmaq istəyirsən, müdavimlərini sadəcə sürücülük vəsiqəsi alsınlar deyə hazırlaşdıracaqsan, belə olduqda bir otaq belə kifayətdir. Mərkəzdən kənar ərazilərdə bir otağın icarəsi aylıq 150-200 manata ola bilər, mərkəzdə isə 800-1000 manata tapa bilərsiniz. Mən işlədiyim kurslarda icarə qiyməti 300 manat da olan olub, 40 000 manat olan da. Sənin biznes planın necədirsə, ona uyğun büdcə təyin edilir. Bu bir neçə 100 manatdan 100 minlərlə manata qədər arta bilər. Nəhəng kurs açmaq üçün binanı 30 000-40 000 min manata icarəyə götürürlər, aylıq marketinq xərci, reklam xərci, sayt xərci ilə birlikdə fantastik rəqəmlərə gəlib çıxır. Təbii ki, bunun qazanc qismi də eyni olur”.
Kurs biznesinin hüquqi tərəfləri də sadədir: “Bir neçə nəhəng kursdan başqa digər bütün kurslar sadələşdirilmiş vergi ödəyiciləridir. Sadələşdirilmiş vergi ödəyicisinin hüquqi tərəfləri çox rahatdır. Müəllimlər işəmuzd, yəni gündəlik nə qədər işləyirlərsə, neçə saat dərs deyirlərsə, ona uyğun əmək haqqı ödənilir, ona uyğun həmin çalışanın sosial müdafiə xərci ödənilir”.
Q.Xəlilli bildirir ki, kurs rəhbəri valideynlərlə münasibətini yaxşı saxlamalıdır. Çünki kursun reklamı sosial şəbəkələrdən daha çox əyani nəticələrə əsaslanır. Uşağını kursa qoyan valideyinin kurs barəsində bildirdiyi fikir kursun taleyi üçün çox önəmlidir: “Yəni bir valideyn kursa uşağını qoyursa, digər valideynin yanında tərifləyərsə, o kursun şagirdləri artır. Yox əgər tərifləməzsə, kursun uşaq sayı günü-gündən azalır. Kursun sadəcə keyfiyyətli təhsil verməsi kifayətdir. Çünki Azərbaycanda marketinq hələ də ənənəvi qayda ilə gedir. Çünki insanlar öz qohumlarının nəticələrini sosial mediada gördüklərindən daha üstün tuturlar. Ona görə də, kurs işlətmək istəyən əsas keyfiyyətə önəm verməlidir”.
Həmsöhbətimiz deyir ki, kursda müəllim seçimi çox önəmlidir: “Kurs məktəbdən hər cəhətdən fərqlənməli, kursdakı müəllimlər də dərsləri interaktiv keçirməlidirlər. Mən kursu qanadlı bir quşa bənzədirəm. Havada qalmaq üçün iki qanadı var. Rəhbər olan şəxs birinci valideynlərlə münasibəti yaxşı saxlamalıdır, ikinci isə müəllimlərlə. Çünki başqa sahələrdən fərqli olaraq, müəllimlər kursda təkcə öz biliklərini sərf etmirlər, həm də onlar dərslərinə sevgilərini də qatmalıdırlar. Bəzi araşdırmalara görə, uşaqların maksimum diqqət dəqiqəsi 40-dır. 40 dəqiqədən sonra uşaqlar dərsə fokuslana bilmirlər. Bəzi kurslar var ki, 90 dəqiqəlik, 1-2 saatlıqdır, burada artıq müəllimin sevgisi, müəllimin yanaşma tərzi, pozitiv enerjisi çox önəmlidir. Buna görə də, kurs açmaq istəyən şəxs müəllim seçərkən diqqətli olmalıdır”.
Mütəxəssis deyir ki, kurs sayı çox olduğu üçün, keyfiyyətsiz kurslar da artıb. Ona görə, bazarda qalmaq istəyənlər, digərlərindən seçilməlidirlər: “10 il əvvəl bazarda xidmət göstərən kurslarla indiki kursların arasında uçurum var. Əvvəl kursların müəyyən bir dəyəri var idi. İndi isə bazarda bütün qiymətlərə kurslar var. Hətta elə bir vəziyyətə gəlib çıxıb ki, 8-15 manata belə kurslar var. Düşünün ki, artıq 100-150 bal toplayan müəllimlər kurs sektorunda müəllimlik edirlər. Ona görə, seçilməlisən ki, davamlılıq olsun”.
Mütəxəssisin dediklərinə görə, kurs biznesinin riskləri də var: “Kursun uğurlu alınmasında müəllim amilinin önəmini dedim. Lakin bu cəhətdən də bizneslərin vəziyyəti ürəkaçan deyil. Çünki kurslarda bir müddət işləyən müəllimlər sonra kurs açmaq fikrinə düşürlər. Məsələn, bir müəllim 100 uşağa dərs keçir, birini 100 manatdan hazırlasa, ayına 10 000 manat pul qazanır. Başlayırlar düşünməyə ki, bəlkə mən də özümə kurs açım. Araşdırsanız, görəcəksiniz ki, hər kəs öz adı ilə kurs açır. Belə-belə xırda kurslar yaranır. Bu kimi insanların məqsədi 3-5 filial açmaq, yaxud keyfiyyətli iş ərsəyə gətirmək deyil. Sadəcə o 10 000 manatın üstünə 2 000 də pul qoymaq niyyəti ilə bu işə başlayırlar. Bir də, sırf təhsil vermək üçün kurs açanlar var. Bazarda şəbəkə kurslardan bir neçəsini buna misal gətirmək olar”.
“Bu neqativ halları çıxmaq şərti ilə yerdə qalan bütün hallarda kurslara tələbat var və bu işə başlamağa dəyər” - deyə Qadir Xəlilli əlavə edir.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay