Bu maşınlar Azərbaycana idxal olunmur - Avtomobil bazarındakı vəziyyət
Yerli bazarlarda apardığımız müşahidələr göstərir ki, son günlər avtomobil satışında ciddi durğunluq yaranıb. Bunu satıcılar özü də təsdiq edir.
Hazırda avtomobil bazarında vəziyyət necədir?
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, Azərbaycanın avtomobil bazarında avqustda durğunluq vardı, sentyabrın 15-dən sonra vəziyyətin dəyişməsi gözlənilsə də, bu baş vermədi.
"Oktyabr ayı olsa da, bazarda hələ də durğunluqdur. Alqı-satqı prosesi azalıb, qiymətlər stabildir. Mart ayında verilən qərardan sonra ölkəmizə idxal olunan yaşı on ildən artıq olan avtomobillərin sayı azalıb. Belə avtomobillər daha idxal olunmur. Bu da ölkəniin avtomobil parkının yenilənməsinə şərait yaradır".
Ekspert qeyd edib ki, ölkəyə gətirilən yeni avtomobillərin qiyməti avqust ayında 3% civarında bahalaşmışdı.
"Həmin vaxtdan bu günə qədər yüksəlmə qeyd alınmayıb. İlin sonuna qədər də təzə və köhnə avtomobillərin qiymətlərin bahalaşması gözlənilmir. Alıcılar köhnə avtomobillərdə mühərrik həcmi 1 500 kub santimetrdən 2 000 kub santimetrə qədər olanlara üstünlük verirlər. Yeni avtomobillərdə, əvvəlki illərdə olduğu kimi, liderliyi krassoverlər və mini krassoverlər saxlayır. Onların da mühərrik həcmi 2000-2500 kub santimetrdir", - deyə o qeyd edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana, ümumilikdə 72 883 ədəd avtomobil idxal olunub ki, bu da 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 17 684 ədəd avtomobil və ya 32% çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 89 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 67 453 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5062 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 279 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay