Pasport satışından milyardlarla dollar qazanan bu ölkənin saxtakarlıq etdiyi üzə çıxdı
Karib dənizi hövzəsi ölkələrindən olan Dominikanın mübahisəli "qızıl pasport" tətbiqi çərçivəsində minlərlə adama vətəndaşlıq satdığı müəyyən edilib.
Valyuta.az xəbər verir ki, Dominikandan vətəndaşlıq alanlar arasında Türkiyənin keçmiş naziri Cavit Çağlar, həmçinin Liviyadakı Qəddafi rejiminin yüksək vəzifəli şəxsləri və Əfqanıstan kəşfiyyatının sabiq rəisi də var.
15 beynəlxalq xəbər təşkilatının Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (OCCRP) ilə birgə apardığı araşdırmaya görə, Dominikan 2009-cu ildən bəri “qızıl pasport” tətbiqindən bir milyard dollardan çox gəlir əldə edib. Avropa İttifaqı da daxil olmaqla 140-dan çox ölkəyə vizasız səyahət imkanı verən pasportu 100 min dollar ödəməklə əldə etmək mümkündür. Həmçinin indiyə qədər “qızıl pasport” tətbiqindən yararlanan şəxslərin adları da açıqlanıb.
Rəsmi məlumatlar 70 min əhalisi olan ada ölkəsinin 2007-ci ildən bəri yeddi min 700 nəfərə vətəndaşlıq verdiyini göstərsə də, araşdırmalara əsasən real rəqəmin bundan xeyli çox ola biləcəyi bildirilib. Araşdırmaya görə, “qızıl pasport” tətbiqindən ən çox faydalananlar iranlılar, çinlilər və ruslardır. Dominikan vətəndaşlığı insanlara ölkəni dəyişdirərkən, xaricdə biznes qurarkən və bank hesabı açarkən daha az maneə ilə üzləşmək kimi imkanlar da təqdim edir. Bu tətbiqdən faydalanmaq istəyən şəxslərin cinayət keçmişi olmaması tələb edilir. Ancaq OCCRP-nin araşdırması nəticəsində pasport alan şəxslərdən birinin fırıldaqçılıq kimi cinayətlərə görə həbs edildiyi, digərinin isə vətəndaşlıq aldıqdan sonra qırmızı bülletenlə “İnterpol” tərəfindən axtarışa verildiyi ortaya çıxıb.
2007-ci ildən 2022-ci ilə qədər nəşr olunan rəsmi qəzetləri araşdıran qrup, bir çox məşhur insanın Dominikan pasportu aldığını aşkar edib. Onlardan biri 2021-ci ildə Taliban yenidən hakimiyyəti ələ alana qədər Əfqanıstan administrasiyasının müxtəlif səviyyələrində çalışmış Əsədullah Xaliddir. Əfqanıstanda iki bölgənin qubernatoru, kəşfiyyat rəisi və müdafiə naziri vəzifələrində çalışmış Xalid 2012-ci ildə Böyük Britaniya və Kanada hakimiyyət orqanları tərəfindən işgəncə verməkdə, insan hüquqlarının pozulmasında ittiham edilib. Lakin Xalidin 2017-ci ildə Dominikan vətəndaşlığını aldığı müəyyənləşib. İddialarla bağlı heç vaxt məhkəmə qarşısına çıxmayan Xalid onun əlehinə irəli sürülən ittihamların mənfi yöndə təbliğat olduğunu bildirib.
“The Guardian”da yer alan xəbərlərdə Türkiyənin keçmiş naziri və iş adamı Cavit Çağlar da diqqət çəkən adlardan biri kimi önə çəkilib. Xəbərdə 2001-ci ildə böhrana səbəb olan bankların boşaldılmasındakı rolu ilə ictimaiyyətin yaddaşında qalan Çağların Türkiyədə həbsdə cəzasını çəkməsinə baxmayaraq, 2011-ci ildə Dominikan vətəndaşlığını ala bildiyi yazılıb.
Dominikadan vətəndaşlıq alan digər şəxsin isə Liviyada Qəddafi rejimi dövründə polkovnik rütbəsində xidmət etmiş Sasi Milud Sasi Qrada olduğu müəyyən edilib. Liviyadakı vətəndaş müharibəsindən sonra ölkədən qaçan Qradanın 2015-ci ildə Dominikan vətəndaşlığını aldığı üzə çıxıb. İddialarla bağlı danışan Qrada Qəddafini 1960-cı illərdə orduda olarkən tanıdığını, lakin Liviya lideri ilə heç vaxt siyasi müzakirələr aparmadığını bildirib.
Dominikan vətəndaşlıq satışından əldə etdiyi gəlirlə dövlət xidmətlərini həyata keçirir. Hesablamalara görə, hökumətin gəlirlərinin təxminən yarısı investisiya müqabilində pasportların verilməsindən əldə edilir. 2004-cü ildə vəzifəyə gəldikdən sonra pasport satışını genişləndirən baş nazir Ruzvelt Skerrit 18 sentyabr və 3 oktyabrda keçirilən mətbuat konfranslarında bu təcrübəni müdafiə etmişdi: "Əgər kimsə vətəndaşdırsa, ancaq sabah nəsə edirsə, yaxud qanunla bağlı problemi varsa, bunun üçün proqramı günahlandıra bilməzsiniz". Proqramı ABŞ-ın “Yaşıl kart” (Green Card) tətbiqi ilə müqayisə edən Skerrit bildirib ki, bunu alan bir çox insanların sonradan cinayət törətməsinə baxmayaraq heç kim ABŞ-nı günahlandırmır. Skerrit həmçinin iddia edib ki, araşdırma aparan jurnalistlər proqramı məhv etmək üçün müxalifət tərəfindən maliyyələşdirilib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay