Səhər qaçışını niyə vərdiş halına sala bilmirik?
Hər səhər yürüş və ya qaçışın insanın fiziki sağlamlığına təsirlərini çox eşitmişik. Bunun fiziki sağlamlıqdan savayı, psixoloji təsirləri də var. Ümumlikdə isə, insanlar fərqli səbəblərə görə bunu vərdiş halına gətirmək istəyir. Lakin heç də hər kəs bunu vərdiş halına salıb, davamlı edə bilmir.
Psixologiya elmləri üzrə fəlsəfə doktoru Bahar Bəylərova Valyuta.az-a bildirdi ki, nəyisə vərdiş halına gətirmək üçün bunu niyə etdiyinizi aydın şəkildə anlamalısınız. Bunu etmək üçün motivasiyanızın nə olduğunu bilməyiniz vacibdir: “Motivasiya iki cür ola bilər: xarici və daxili. Qəşəng görünmək, “hamı qaçır, mən də qaçmalıyam”, “qaçanda şəklimi çəkib paylaşım, hamı necə yaşadığımı görsün” kimi düşüncələr varsa, bu, xarici motivasiyadır. Səhər qaçmağın fiziki və psixoloji sağlamlığınıza, nailiyyətlərinizə təsirlərini yaxşı bilirsinizsə, bunun üçün qaçmaq niyyətiniz varsa, bu, daxili motivasiyadır”.
B.Bəylərova deyir ki, xarici motivasiya ilə başlayanlar qaçışı davamlı hala sala bilmirlər: “Xarici motivasiyalar sizi çox da uzağa apara bilmir. 5 dəfə edirsiniz, 6-cı dəfə etmək istəmirsiniz. Daxili motivasiyaya əsaslanaraq qaçışı rutin halına gətirməlisiniz. Yəni qaçmaq üçün əsasınız daha köklüdür. Etdiyiniz davranışın təməli nə qədər sağlamdırsa, nə etdiyinizi bilirsinizsə, bir o qədər də bunu davamlı şəkilə salmaq daha rahat olur. Çünki faydalı olduğunu bilirsiniz. Əks təqdirdə, bunu davamlı şəkildə edə bilməyəcəksiniz və etdiyiniz sizə əzab kimi gələcək”.
Bahar Bəylərova deyir ki, ümumiyyətlə, insan nəyi niyə etdiyini çox yaxşı bilirsə, bu zaman davamılılıq yarana bilir: “Məsələn, əgər şagirdlər öyrənmə zamanı onların beyinlərində nələr baş verdiyini, beynin inkişafı üçün nələr lazım olduğunu, nələrin beyni daha sürətli çalışdırdığını, nələrin diqqəti daha iti etdiyini bilsələr, bu, onların akademik nəticələrinə təsir edir. Yəni bir şeyi icra edəndə, həmin şeylə bağlı nə qədər məlumatlısınızsa, bir o qədər də əzm, nəticə olur. Nə qədər ki, sadəcə davranış olaraq icra varsa, sadəcə “deyirlər ki, bu xeyirlidir, ona görə edirəm”, kimi fikirləşirsinizsə, bunlar sizə heç bir fayda verməyəcək”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay