
\"Urbanizasiyanın bir şəhər üzərində olması müsbət hal deyil\"
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Bakı şəhərinin əhalisi 2019-cu ildə 2 330 400, 2023-cü ildə isə 2 336 600 nəfər olub. Rəsmi statistikaya əsasən artım təqribən 6 200 nəfər təşkil edib. Lakin reallıq fərqlidir. Qeyri-rəsmi məlumatlarda isə Bakı şəhərinin əhalisinin sayı 3-3,5 milyon qeyd olunur. Yəni, rəsmi statistikadan fərqli olaraq bu artımın realda daha çox olduğu düşünülür. Bəs ölkədə urbanizasiya prosesinin əsasən Bakı şəhərinə doğru cəmləşməsi ölkə iqtisadiyyatına necə təsir edir?
İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirdi ki, ümumiyyətlə urbanizasiya bütün dünyada müşahidə edilən prosesdir: “Bu proses şəhərlərin və şəhər əhalisinin sayının artması, eyni zamanda şəhər həyat tərzinin digər ərazilərə genişlənməsi ilə müşahidə edilir. Bu gün Bakı şəhərində insanların çoxalması o demək deyil ki, urbanizasiya budur. Urbanizasiya yalnız bir şəhərin böyüməsi deyil. Urbanizasiya şəhər həyat tərzinin, şəhərlərin genişlənməsi, şəhərlərin sayının artmasıdır. Urbanizasiya prosesi həmçinin kiçik şəhərlərin böyüməsi ilə də müşahidə olunmalıdır. Urbanizasiya prosesində kənd yerləri qəsəbələrə, qəsəbələr şəhərlərə çevrilməlidir”.
İqtisadçı qeyd etdi ki, urbanizasiyanın bir şəhərin üzərində müşahidə olunması ölkə üçün heç də xoş olmayan nəticələrə gətirib çıxara bilər: “Bakı şəhərində böyük tıxaclar yaşanır. Banklar tərəfindən verilmiş kreditin 76-77 faizi Bakının payına düşür. Eyni zamanda, Ümumi Daxili Məhsulun formalaşmasında, vergi daxilolmalarında və digər makroiqtisadi göstəricilərdə bir şəhərin payı artır. Bu hal regionların inkşafına mənfi təsir göstərir. Urbanizasiya bir proses olaraq yaxşıdır, ancaq urbanizasiyanın bir şəhər üzərində olması müsbət hal deyil. Bu, ölkə üzrə iqtisadiyyatın düzgün paylanmamasına gətirib çıxarır. Əgər urbanizasiyanı Gəncədə, Bakıda, Naxçıvanda müşahidə etsək, müsbət qiymətləndirmək olar”.
E.Əmirov əlavə etdi ki, iqtisadiyyatın ölkə ərazisində düzgün paylanmaması problemlər yaradır: “Bakı şəhərində bu cəmləşmə kənd təsərrüfatının inkişafına mane olan faktordur. Eyni zamanda kənd təsərrüfatının inkişafında irəliləyişin olmaması Bakı şəhərinin şişməsinə səbəb olur. Necə ki, digər sahələrdə olan problemlər Bakı şəhərinin şişməsinə səbəb olursa, Bakı şəhərinin də şişməsi digər sahələrin sıradan çıxmasına səbəb olur”.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay