Yarpaqları təqlid edən günəş paneli icad olundu
Böyük Britaniyanın məşhur universitetlərindən biri, London İmperial Kollecinin tədqiqatçıları yeni günəş panelləri icad edib.
Valyuta.az “İndependent”ə istinadən xəbər verir ki, bu panellər elektriki, istiliyi və təmiz suyu birlikdə istehsal edə bilmək xüsusiyyətinə malikdir.
Tanınmış elmi jurnal olan “Nature Communications”da dərc olunan məqalədə bəhs edilən yeni texnologiya “Fotovoltaik yarpaq” (qısaca PV yarpağı) adlandırılıb.
Özünü sağaltmaq xüsusiyyətinə də malik olan günəş panelləri 'möcüzə materialı' ilə icad edilib. “Fotovoltaik yarpaqlar” (PV) günəş işığını elektrik enerjisinə çevirən əsas mexanizmdir. Digər tərəfdən, bu günə qədər hazırlanmış PV hüceyrələri çox səmərəli deyildi. Bunlar adətən günəş enerjisinin 10-25 faizini elektrik enerjisinə çevirə bilir. İstifadə edilməmiş enerji PV hüceyrələri həddindən artıq istiləşməyə səbəb ola bilər. Onları soyutmağın yolu aktiv istilik idarəetmə üsullarından yararlanmaqdır. Başqa sözlə, suyun və ya hava axınının köməyi ilə istiliyin çıxarılmasıdır. Belədə mexanizmə hidravlik qurğular əlavə edilməlidir ki, bu da dəyəri əhəmiyyətli dərəcədə artırır.
Təbiətdəki bitkilərin yarpaqlarını təqlid edən yeni dizaynda ucuz materiallardan istifadə olunub. Bitkilərdə suyun köklərdən yarpaqlara daşınmasını təmin edən çoxlu müxtəlif təbəqə və quruluşlar var. Yarpaqlar “Transpirasiya” adlanan mexanizm vasitəsilə sərin saxlanılır. Bitkilərdəki transpirasiya, havanın udma qüvvəsi sayəsində bitkinin hava ilə təmasda olan orqanlarından su buxarının ayrılması deməkdir. Bu mexanizm sayəsində işlək vəziyyətdə qalan yarpaqlar fotosintez prosesinə davam edə bilir. Yeni dizaynı hazırlayan elm adamları bu quruluşu PV hüceyrələrinə uyğunlaşdırıblar. Hazırlanmış PV təbəqə suyu ayrı bir çəndən günəş batareyasına yönəldən təbii liflərdən ibarətdir. Bu quruluş suyun bütün hüceyrəni əhatə etməsinə və buxarlanmasına imkan verir. Böyük Britaniyanın Təmiz Enerji Prosesləri Laboratoriyasının rəhbəri, professor Kristos Markides açıqlamasında, “Bu innovativ dizaynın tətbiqi enerji və şirin suya artan ehtiyacı ödəməklə yanaşı, təmiz enerjiyə keçidi sürətləndirməyə kömək edə bilər” - sözlərini söyləyib.
Təcrübələr zamanı, PV yarpağının adi hüceyrələrə nisbətən 10 faiz daha çox elektrik istehsal edə biləcəyi qənaətinə gəlinib. Su buxarını və tərdən gələn istiliyi də saxlayan sistemin hər il 40 milyard kubmetrdən çox su istehsal etmək üstünlüyü də ola bilər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay