Söyüş söyən süni intellekt, partlayan telefon, bir milyonluq dərman… - Ən uğursuz məhsullar
ABŞ-ın ən yaxşı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu (MIT) dünyada vaxtilə istehsal edilmiş uğursuz texnoloji məhsulların siyahısını açıqlayıb.
Valyuta.az xəbər verir ki, onların arasında məşhur şirkətlərin məhsulları da yer alır.
“Samsung Galaxy Note 7” - Bomba effektli telefon
Yaxın keçmişdə gördüyümüz və Cənubi Koreya texnologiya nəhəngi “Samsung” üçün böyük dəyər itkisinə səbəb olan hadisə. Təəssüf ki, sözügedən telefonunun qəfil partalaması ilə bağlı bir neçə şikayətdən sonra şirkət gülüş obyektinə çevrildi. Məsələ burasındadır ki, “Galaxy Note 7” seriyalı telefonların batareyaları həddindən artıq qızırdı və partlayırdı. Nəticədə şirkət bu seriyalı smartfonların istehsalını dayandırdı və 2,5 milyon telefonu geri çağırmalı oldu.
“Volkswagen”in hiyləsi
Alman avtomobil istehsalçısı “Volkswagen” markasında Amerika Ətraf Mühitin Mühafizəsi Agentliyi tərəfindən fırıldaqçı proqram təminatını aşkar edildi. Nəticədə şirkət böyük qalmaqala səbəb oldu. Bu hiylə “Volksvagen”ə 14,7 milyard dollara başa gəldi. Həmçinin 8,5 milyon avtomobili geri çağırmalı oldular. Məsələ bu idi ki, dizellə işləyən avtomobillərdə quraşdırılmış proqram təminatı ətraf mühiti daha az çirkləndirirmiş kimi göstərirdi. Amma Amerikanın hava çirklənməsini ölçən cihazları bu yalanı üzə çıxarmış və hiylələri şirkətə baha başa gəlmişdi.
“Lumosity” yalanı
Silikon Vadisində yerləşən “Lumos Labs”ın böyük reklamlarla "məktəbdə müvəffəqiyyət" və "ağıl narahatlıqlarının həlli" iddiaları ilə başlatdığı onlayn zəka oyunları və yaddaş testlərinin heç bir faydası olmadığı ortaya çıxdı. Onlayn bazardakı zəka oyunlarını təftiş edən mütəxəssislər “Lumosity” adlı tətbiqin beynin inkişafına heç bir təsirinin olmadığını aşkar ediblər. Federal Ticarət Komissiyası, reklamları vasitəsilə yaşla bağlı idrak zəifliyi olanların emosiyalarından istifadə etdiyi əsası ilə sözügedən şirkəti iki milyon dollar məbləğində cərimələmişdi.
Feysbukda yayılan yalan xəbərlər
Dünyada 1,7 milyard istifadəçisi olan sosial media platforması Feysbukun məzmun axınında sürətlə yayılan saxta xəbərlər şirkəti çətin vəziyyətə saldı. Almaniya Sosial Demokrat Partiyasının (SPD) Bundestaq Qrupunun sədri Tomas Oppermann, sözügedən saxta xəbərlərlə bağlı, "Facebook”, yalan olduğu sübut edilən xəbərlərin tez bir zamanda silinməsi və ya düzəldilməsi üçün məsuliyyət daşımalıdır" - sözlərini söyləmişdi. Ancaq İcraçı direktor Mark Zukerberq öz şirkətini müdafiəsi üçün açıqlamasında “Facebook”un media qurumu olmadığını bildirmiş və istifadəçilərin yazılarının prezident seçkiləri kimi mühüm hadisələrə təsir etməsi fikrini gülünc adlandırmışdı.
Heç kim ağıllı saatlardan istifadə etmir!
Baş ofisi ABŞ-da yerləşən bazar araşdırması şirkəti olan “International Data Corporation” “Apple”in ağıllı saatı “Apple Watch”un satışlarının gözləniləndən çox aşağı olduğunu açıqlayıb. Ağıllı saatlar bazarından narazı qalan yeganə marka “Apple” deyildi . Motorola tələb olmadığı üçün “Moto 360”ın, həmçinin “Pebble” də öz smart saatlarının istehsalını, tanıtımını və satışını dayandırıb.
“Microsoft”un söyüş söyən süni intellekti
Martda “Microsoft” şirkəti, insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulmuş “Tay” adlı süni intellekt layihəsini ictimaiyyətə təqdim etdi. Şirkət hətta insanlarla ünsiyyət qurmaq üçün gənc qadın səsi ilə danışan robot üçün Tvitter hesabı da açmışdı. Lakin işlər şirkətin istədiyi kimi getmədi. 18-24 yaşlı gənclərlə söhbət edib onlardan öyrənməyi planlaşdırılan robotun insanlardan mənimsədiyi yeganə şey jarqon sözlər idi. İnsanlardan öyrəndiyi jarqon sözləri, cinsiyyətçi ifadələr və əxlaqsız mövzuları paylaşan “Tay”a nəhayət, “Microsoft” müdaxilə etməli olub və süni intellektin Tvitter hesabı 24 saatdan sonra bağlanıb. “Microsoft” “Tay” tərəfindən yazılan təhqiredici tvitlərə görə üzr istəyirik, o, hazırda oflayndır" - açıqlamasını verib.
İşıqlı bitki
ABŞ mənşəli qeyri-kommersiya ianə şirkəti olan “Kickstarter”, qısa müddətdə 500 min dollar ianə toplayan "işıqlı bitki" layihəsinə start verib. Lakin layihənin həyata keçirilməsi demək olar ki, qeyri-mümkün idi və tezliklə “yerinə yetirilməmiş vədlərin” simvoluna çevrildi.
Kök Hüceyrə Klinikaları
Ötən il tibb sahəsində yaşanan digər bir məyusluq ABŞ-da geniş yayılan kök hüceyrə klinikaları ilə bağlı oldu. ABŞ-da fəaliyyət göstərən 351 klinika idman zədələrindən tutmuş “Alzheimer”ə qədər bir çox xəstəlikləri kök hüceyrələr vasitəsilə müalicəsini vəd edirdi. Bununla belə, klinikaların qazanc üçün insanlar üzərində sınaqlar apardığını dilə gətirən mütəxəssislər xəstələri FDA-nın icazəsi olmayan heç bir klinikaya getməməyə çağırır.
Bir milyon dollarlıq genetik terapiya
Avropada ilk genetik terapiya dərmanı kimi qəbul edilən və bir milyon dollar qiymətlə satışa çıxarılan "Glybera" dünyanın ən bahalı dərmanı oldu. Bununla belə, dərman həm qiyməti, həm də effektivliyi ilə bağlı narahatlıqlar səbəbindən alıcı tapmadı. DNT əvəzetmə sahəsində inqilab olacağı gözlənilən dərman böyük bir uğursuzluğa səbəb oldu.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay