Beyləqanda tarla seminarı keçirildi (FOTOLAR)
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Mil Təcrübə stansiyasında “Yerli və introduksiya olunmuş pambıq sortlarının quraqlığa, xəstəliklərə və şoranlığa davamlılığı” mövzusunda tarla seminarı keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) layihə koordinatoru Nəzakət İsmayılzadə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, pambıqçı fermerlər, ölkəmizdə pambıq istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.
Tarla seminarında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq çərçivəsində Pakistandan ölkəmizə gətirilən toxum sortlarının və yerli sortların əkildiyi sahələrə baxış keçirilib, müvafiq sortların xəstəlik və zərərvericilərə, quraqlığa, şoranlığa davamlılıq məsələləri qiymətləndirilib, mümkün bioloji məhsul hesablanıb. Qeyd olunub ki, Pakistandan gətirilən “Super Cotton” sortu bütün bioloji, məhsuldarlıq və texniki göstəricilərinə görə digər sortlardan üstünlüyü ilə fərqlənir. Bu sort üzrə təcrübə əkinlərində orta məhsuldarlığın 85-90 s/ha olması gözlənilir. İnstitutun xətti ilə bu sortun toxumları becərilmə üçün bir sıra fermerlərə və pambıqçılıq ilə məşğul olan MMC-lərə də paylanılıb. Seminar iştirakçıları “Super Cotton” sortuna böyük maraq göstərib, gələn ilin əkinləri üçün toxum sifarişləri veriblər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq çərçivəsində 2017-2021-ci illəri əhatə edən ”Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsi üzrə işlər başa çatıb.
2021-ci ildən isə “Azərbaycanda pambıq istehsalı üzrə torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatının genişləndirilməsi” layihəsi üzrə işlərə başlanılıb. Hər iki layihə çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna AEBA tərəfindən müvafiq laboratoriya avadanlıqları verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay