“Google” məhkəməyə verildi - Beş milyard dollar…
Kaliforniyada bir qrup internet istifadəçisi “Google”a qarşı beş milyard dollar dəyərində iddia qaldıraraq, “Chrome” brauzerinin gizli pəncərəsində də məlumatların izlənildiyini iddia edib.
Valyuta.az xəbər verir ki, bu səbəbdən “Google” məhkəmə qarşısına çıxmağa hazırlaşır.
İnternet istifadəçilərinin şəxsi məlumatlarını gizlətmək üçün quqldakı “İnkoqnito” (gizli rejim) funksiyası bir çox brauzerlərdə görünür. Bəs bu, nə qədər təhlükəsizdir? Məxfiliyə yönəlmiş axtarış sistemi “DuckDuckGo” ilk dəfə 2018-ci ildə “Google”un hətta gizli rejim aktiv olduqda belə fərdiləşdirilmiş axtarış nəticələrini çatdırmaq üçün istifadəçiləri internet üzərindən izlədiyini iddia etmişdi. Normal rejimdə “Google” axtarış nəticələrini təkmilləşdirmək üçün istifadəçi məlumatlarından yararlanır. Lakin araşdırmalar göstərir ki, “Google” bunu hətta gizli rejim aktiv olduqda belə həyata keçirir. Şirkət iddianın rədd edilməsi üçün məhkəməyə müraciət ünvanlasa da, bu təmin olunmayıb. “Google” bildirir ki, o, istifadəçiləri gizli rejimdə olarkən izləmir, ancaq başqa saytlar tərəfindən məlumatlar ələ keçirilə bilər.
ABŞ-ın Kaliforniya ştatının Şimal Bölgəsi üzrə Dairə Məhkəməsinin hakimi İvon Qonzales-Rocers “Google”un xoşuna gəlməyən qərar verib. Məhkəməsiz hökm tələbini rədd edən hakim işin qanuni yolla və tərəflərin ifadələri alınmaqla həll olunmasını istəyib. Bu səbəbdən “Google” məhkəməyə yenidən müraciət edəcək.
Qərara cavab olaraq, ABŞ şirkətinin sözçüsü Xose Kastanyeda açıqlamasında, “Biz şiddətlə bu iddialara qarşıyıq və özümüzü qətiyyətlə müdafiə edəcəyik. “Chrome”dakı gizli rejim sizə fəaliyyətinizin brauzerinizdə və ya cihazınızda saxlanılmadan internetə baxmaq imkanı verir. Hər dəfə yeni “inkoqnito” tabını açdığınız zaman orada yazıldığı kimi, vebsaytlar seans zamanı baxış fəaliyyətiniz haqqında məlumat toplaya bilər” - sözlərini söyləyib.
Şirkət rəhbərliyi əvvəldən gizli rejimdə məhdud da olsa məlumat toplaya biləcəyi haqda xəbərdarlıq edir. Lakin iddiaçılar bundan xəbərsiz olduqlarını deyirlər. Çünki “Google”un məxfilik siyasətlərində “İnkoqnito” rejiminin açıq şəkildə məlumat toplaya biləcəyi ilə bağlı heç bir bəyanat yoxdur.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay