Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır (XƏBƏRDARLIQ)
Azərbaycandakı sosial şəbəkə istifadəçiləri İlon Maskın şirkətinin Azərbaycanda nümayəndəliyinin açılması və işçi qəbulu ilə bağlı mesajlar almağa başlayıb. Hətta ödəniş belə milli valyutada göstərilir.
Təhlükəsizlik və antivirus şirkəti Kaspersky-dən Valyuta.az-a verilən məlumata görə, Azərbaycanda qlobal brendlərin adının sosial şəbəkə istifadəçilərini aldatmaq üçün yem kimi istifadə olunduğu hücumlar çoxalıb. Qeyd edilib ki, məşhur bir brend onlayn fırıldaqçılar tərəfindən istifadə edilən əla tələdir. Tanınmış brendin və ya ictimai şəxsin adı elana diqqət çəkir və ona olan inamı artırır, çünki insanlar böyük şirkətlərin dələduzluq etməyəcəyini düşünə bilərlər. Bunu bilən təcavüzkarlar öz sxemlərində təşkilatların və ulduzların adlarının arxasında gizlənməkdən çəkinmirlər. Ən məşhur nümunələrdən biri böyük bazarların adından messencerlərdə və ya sosial şəbəkələrdə yayılan iş təklifləridir.
İstifadəçiləri qurbana çevrilməmək və şəxsi məlumatları təqdim etməmək barədə necə xəbərdar etmək olar?
Ekspertlər qeyd edirlər ki, hər şeydən əvvəl şəxsi məlumatlarımızın dəyərli olduğunu unudulmamalıdır: "Xüsusilə əgər söhbət bank kartı məlumatları, ya sosial şəbəkə və messencer hesabları və digərləri haqqında gedirsə. Məlumatlarınızı ələ keçirən təcavüzkarlar bank tətbiqinizin şifrəsini götürə, sizin adınızdan istənilən xidmətdə qeydiyyatdan keçə və sizin adınıza saxtakarlıqlar edə, kredit və ya bir günlük şirkət almağa cəhd edə bilərlər. Buna görə də, əgər kimsə sizdən hər hansı bir bəhanə ilə şəxsi məlumatlarınızı - hesablara girişlər, şifrələr, SMS şifrələri və “push” bildirişləri söyləməyinizi istəyərsə, bunu etməyin. İki faktorlu autentifikasiya qurun və şübhəli mesajlardakı linklərə klikləməyin, hətta onlarda çox səxavətli vədlər versə elə. Əgər siz bir brend adından işləməyə dəvət olunsanız və hansısa bir işi tamamlamaq üçün linkə klikləmək, rüsum ödəmək və ya məlumat təqdim etmək tələbi ilə üzləşsəniz, həmin təşkilatın vebsaytında həqiqətən də bu vakansiya üçün elan olub-olmadığını yoxlayın". Qeyd edilir ki, şəxsi sayıqlıqla yanaşı zərərli proqramlardan, fişinqdən və fırıldaqçılıqdan qoruyan təhlükəsizlik həlli ilə də müdafiə tədbirləri gücləndirilə bilər.
Ekspertlər bildirirlər ki, sosial şəbəkələrdə də dələduzluq mesajları geniş yayılıb: "Hətta güvəndiyiniz bir kontaktdan məktub alsanız belə, ayıq-sayıq olmaq lazımdır, çünki bu şəxsin hesabı daha əvvəldən sındırıla bilər".
Mütəxəssislər əlavə ediblər, şirkətlərin öz saytlarında və ya sosial şəbəkələrdə fırıldaqçıların onların adından hərəkət etdiyi barədə xəbərdarlıqlar yerləşdirdiyi hallar mövcuddur. Bununla belə, əgər bu cür bildirişlər görməsəniz belə, düşünməyin ki, təcavüzkarlar onların adlarının arxasında gizlənə bilməzlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay