Əl yandıran qiymətlər satışı azaldıb
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, Azərbaycan kərə yağı və süddən hazırlanmış digər yağların idxalını 21% azaldıb. Belə ki, bu il ölkəmizə 8 min 501 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. İdxal dəyəri 47 milyon 019 min ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 min 276 ton (21,1 %), dəyər baxımından isə 14 milyon 168 min ABŞ dolları (23,1 %) azdır. Bu rəqəmlər onu göstərir ki, ya insanlarımız kərə yağı yeməyi azaldıblar, ya da daxildəki istehsal artıb.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli də belə düşünür. Onun sözlərinə görə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 200 tondan çox azalma var: “Bunun qarşılığında Azərbaycanda süd istehsalı artıb. Eyni zamanda, keçən ilin yarımilliyi ilə müqayisədə yerli kərə yağı istehsalı 760 ton və ya 6 % artıb. Amma rəqəmlərdən də görünür ki, idxalın həcmindəki azalma daxili istehsalın artmasından üç dəfə çoxdur”.
Ekspert deyir ki, rəqəmlərə nəzər saldıqda kərə yağı və süddən hazırlanmış digər yağların idxalının azalması daxili istehsal tərəfindən qarşılanmır: “Buna səbəb qiymət artımı fonunda alıcılıq qabiliyyətinin, paralel olaraq, kərə yağlarının istifadəsinin azalması ola bilər. Bu il ərzində də süd istehsalının maya dəyəri yüksək olaraq qalacaq, kərə yağı qiymətinin də aşağı düşməsi gözlənilmir. İstehlakçıların digər ucuz yağlardan istifadə etməsi nəticədə kərə yağı idxalının azalmasına səbəb olur”.
Marketlərdə təklif olunan kərə yağlarının qiymətləri ilə maraqlandıq. Belə ki, marketlərdə yağlılığı 82 faiz təşkil edən kərə yağının qiyməti markalara görə 16,90 - 23,50 manat arası dəyişir. Təbii ki, marketlərdə qarışıq kərə yağı da satılır ki, onların da qiymətləri 4,60 manatdan başlayır.
İqtisadçı ekspert Rauf Qarayev deyir ki, yerli kərə yağımız keyfiyyətlidir, amma qiymət cəhətdən rəqabətdə xaricdən gələn məhsullara uduzur: “Çünki xaricdən gələn məhsullar daha çoxdur və daha çox reklam olunur. Nəticədə, istehlakçı reklamda gördüyü kərə yağına üstünlük verir. Eyni zamanda, tələbat olsa da, yerli istehsal daha azdır. Bunun bir səbəbi də xarici bazara üz tutmaq niyyətləridir. Əgər məhsul keyfiyyətlidirsə, xarici bazardan daha çox gəlir əldə edə bilərlər”.
Ekspert hesab edir ki, yerli istehsal olan kərə yağının marketinqi gücləndirilməlidir: “Kərə yağı həm keyfiyyət, həm də qiymət baxımından vətəndaşa sərfli olmalıdır. Təəssüf ki, bizdə kərə yağının qiyməti bahadır və hər adamın cibinə uyğun deyil”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəmizə kərə yağının idxalının azalmasının bir neçə səbəbi var: “Əsas səbəblər istehlakçıların kərə yağına əlçatanlığının azalması və ya yay mövsümü olduğu üçün tələbatın azalmasıdır. Ölkəmizdə qatqısız kərə yağı istehsal edən və xaricdən idxal edən müəssisələr var. Amma burada və xaricdən saxta, qarışıq yağı gətirib qablaşdıranlar da az deyil”.
E.Hüseynov vurğulayıb ki, kərə yağı ilə bağlı çoxsaylı təzadlar mövcuddur: “Beş il əvvəl Yeni Zelandiyada Azərbaycana göndərilən kərə yağlarının istehsal edildiyi zavodda, fermer təsərrüfatlarında oldum. Orada inəklər açıq otlaqlarda otlayır, steril şəraitdə süd sağılır. Həmin müəssisə ölkəmizə qatqısız kərə yağı ixrac edir. Amma, Yeni Zelandiyadan başqa firmalar da kərə yağı gətirirlər. Bəzən yağların etiketlərinin üzərində inək şəkli qoyulur və “natural” sözü yazılır. Bununla da insanları aldadırlar ki, guya təmizdir. Amma kiçik hərflərlə qeyd edilir ki, qarışıq yağdır. Vətəndaşların da əksəriyyəti böyük hərflərlə yazılanlara aldanır. Bu kimi məsələlər öz həllini tapmalıdır. Vətəndaşı bu cür yazılarla aldadanlar cəzalandırılmalıdır”.
Qida məsələləri üzrə ekspert Ağa Salamovun sözlərinə görə, bəzi “kərə yağı” adı altında satılan yağlar var ki, onlar insan orqanizmində fəsadlara yol açırlar: “Belə qarışıq yağlar insanda ürək-damar, mədəaltı vəz, qaraciyər xəstəliklərinə səbəb olur”.
Ekspert deyir ki, Azərbaycanda əsl kərə yağları var: “Nehrə yağı var və onun tərkibi çox faydalı yağ turşuları, vitamin və minerallarla zəngindir. Bəzən deyirlər ki, bu, bitki tərkibli kərə yağıdır. Amma nə bitkisi olduğu bilinmir. Kərə yağı heyvan mənşəli yağdır və süddən əldə olunur. Onun bitki tərkibli olması mümkün deyil. Əgər kərə yağında bitki yağı varsa, onu qatılaşdırmaq üçün istifadə ediblər. Həmin yağlar hidrogen püskürtməklə müəyyən bir istiliyə, məsələn, 250 dərəcəyə çatdırılır. Bunu edirlər ki, bitkinin qoxusunu dəyişsinlər. Nəticədə, qatı bir maddə əldə edilir və ona rəng, dadlandırıcılar vurub kərə yağı adı ilə satırlar”.
A.Salamov əlavə edib ki, yağlılığı 82 faiz təşkil edən kərə yağını qatqısız saymaq olar: “Onun yağlılığının 82 faiz olub-olmaması laboratoriya nəticələri ilə bilinə bilər”.
Mənbə: "Kaspi" qəzeti
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay