Alınan peyvəndlərin yarıdan çoxu itkiyə gedib: Kimdir günahkar?
2016-2022-ci illər üzrə illik statistik hesabat formasındakı peyvənd sərfiyyatı göstəriciləri və "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndəki (VESKS) peyvənd məlumatlarının təhlili faktiki olaraq həmin illərdə ölkə üzrə sərf olunan peyvənd dozalarının yalnız 44,5%-nin uşaqların peyvəndlənməsinə sərf edildiyini, qeyd edilən dövr ərzində gözləniləndən artıq itkiyə gedən peyvəndin dəyərinin ümumi sərf edilən peyvəndlərin dəyərinin 51,1%-ni təşkil etdiyini göstərir.
Qeyd edək ki, bu hal, Hesablama Palatasının 2023-cü il üçün İş Planına əsasən Azərbaycan Respublikasında uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində həyata keçirilən fəaliyyətin auditi zamanı üzə çıxıb.
Tibb elmləri doktoru Adil Qeybulla Valyuta.az-a açıqlamasında bildirib ki, alınan peyvəndlərin yarıdan çoxu itkiyə gedirsə, bu işin düzgün təşkil olunmamasından qaynaqlanır:
“UNİCEF-in proqramı ilə bütün dünyada milli peyvənd proqramı var. Ona əsasən uşaqlar ayrı-ayrı yaşlarda müxtəlif vaksinlərlə vaksinasiya olunmalıdırlar. Həmin proqramın sayəsində indi dünyada kütləvi tələfata gətirən yolxucu xəstəliklərin sayı xeyli azalıb. Amma Azərbaycanda son vaxtlar valideynlər uşaqları peyvənd etdirməkdən mümkün qədər yayındırmağa çalışır. Poliknikaların da prosesə diqqəti zəifləyib. İcbari Tibbi Sığorta isə məsələyə ümumiyyətlə barmaqarası yanaşır. Nəticədə az qala uşaqların vaksinasıya məsələsi yadan çıxır. Ondan da valideynlər sui-istifadə edərək, uşaqlarını vaksinasiyadan keçirmirlər. Belədə dövlətin xərc çəkərək əldə etdiyi vaksinlərin mühüm hissəsi istifadəsiz qalıb atılır. Alınan vaksinlər bir il əvvəlki uşaq artımı nəzərə alınaraq, təxmini səviyyədə alınır. Bu zaman alınan vaksinlərdə müəyyən itkinin olması gözləniləndir, amma bu cüzi olmalıdır. Deməli iş düzgün qurulmayıb ki, peyvəndlərlə bağlı belə vəziyyət yaranıb. Bu istiqamətdə valideynlər arasında ciddi izahat işləri aparılmalıdır. Televiziyalarda boş-boşuna gedən həkim təbliğatı verilişlərindənsə, diqqəti bu məsələyə yönəlsə daha yaxşı olar”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay