Türkiyə rəsmisi: "Taxıl müqaviləsi ilə qlobal ərzaq böhranının qarşısı alındı"
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Avstriyada yerləşən APA xəbər agentliyinin suallarını cavablandırıb.
“Taxıl müqaviləsi ilə qlobal ərzaq böhranının qarşısı alınıb”.
F.Altun bunu Türkiyənin vasitəçi olduğu taxıl müqaviləsi ilə bağlı suala cavabında deyib.
Qurulmuş mexanizmin indiyə qədər problemsiz işlədiyinə diqqət çəkən Altun bunun onları daha geniş təşəbbüslərə sövq etdiyini söyləyib.
F.Altun güclü əlaqələri olan Ukrayna ilə Rusiya arasında diplomatik və sülh yolu ilə həll yolu tapmaq üçün çalışmağa hazır olduqlarını bildirib.
Ukraynada atəşkəsin necə əldə oluna biləcəyi ilə bağlı suala Altun belə cavab verib:
“Təəssüf ki, Ukraynada müharibəni mümkün qədər uzatmağın öz maraqlarına xidmət edəcəyinə inanan bəzi aktyorlar var. Onların arasında NATO müttəfiqlərimiz də var. Biz bu dövlətlərin geosiyasi məqsədlərinə çatmalarının bədəlini Ukrayna xalqına ödətmə fikrinə qarşı çıxırıq. Onlardan fərqli olaraq biz ədalətli sülhün ən yaxşı həll yolu olduğuna inanırıq. Türkiyə hesab edir ki, Ukraynanın müstəqilliyi və suverenliyinin müzakirəyə açılması regionun və dünyanın ziyanına olacaq”.
Türkiyə rəsmisi Finlandiya və İsveçin NATO-ya üzvlük prosesinin xatırladılaraq, Türkiyənin terrorçuların ekstradisiya tələbinə qənaətbəxş cavab alıb-almadığı sualına cavabında isə qeyd edib ki, Madriddə imzalanan üçlü razılaşma nəticəsində Finlandiya və İsveç terrorçuların ekstradisiyası ilə bağlı bəzi öhdəliklər götürüb və indi bu sözlərin yerinə yetirilib yetirilməyəcəyinə baxılır: “Burada yeganə məqsədimiz NATO-ya daxil olduqlarında, hər hansı bir hücuma məruz qalacaqları təqdirdə qorumağa söz verəcəyimiz bu iki dövlətin Türkiyənin təhlükəsizliyinə səmimi münasibət göstərib göstərmədiyini görməkdir”.
“Aİ-yə üzvlük danışıqlarının dayandırılması Türkiyə üçün hansı rol oynayır? Türkiyə Aİ ilə necə bir münasibət qurmaq istəyir?” suallarına cavabında Altun bildirib ki, Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəfdir.
O, bu baxımdan Türkiyənin Aİ ilə qurmaq istədiyi münasibətin ancaq tamhüquqlu üzvlük ola biləcəyini vurğulayaraq Türkiyənin AB üzvlüyündən qazanacağı faydalarla yanaşı, Aİ-nin də Türkiyənin üzvlüyündən əldə edəcəyi faydaların olduğunu bildirib:
“Ümumiyyətlə, Aİ beynəlxalq arenada aktiv rol oynamaq istəyirsə, Türkiyəni üzv olaraq qəbul etməlidir. Hər şeyə baxmayaraq, dünyanın getdiyi istiqamət Türkiyə ilə Aİ-ni bir-birinə daha da yaxınlaşdırır. Bu templə danışıqların yenidən sürət qazanması təəccüblü olmayacaq”.
Vyananın Türkiyənin Aİ üzvlüyünə qarşı çıxması səbəbiylə Türkiyə ilə Avstriya arasındakı münasibətlərin uzun müddətdir gərgin olduğu xatırladılaraq, iki ölkə arasında yaxşı münasibətlərin necə təmin edilə biləcəyi sualına isə Altun “Bizə uzadılan dostluq əlini heç vaxt geri çevirmərik. Hesab edirəm ki, Avstriyadakı dəyişikliklər də bu yumşalma prosesinə öz töhfəsini verir. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcək”, – deyə bildirib.
F.Altun xüsusilə Avropada Türkiyə ilə bağlı ciddi dezinformasiyaların olduğuna diqqət çəkib.
O, Türkiyənin seçkilərdən sonra xarici siyasətə yanaşması ilə bağlı bunları deyib: “İnşallah Türkiyə 2023-cü il seçkilərindən sonra da prezidentimizin güclü liderliyi ilə öz maraqlarını mərkəzə alan xarici siyasətini və yüksələn profilini davam etdirəcək.
Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanın güclü rəhbərliyi ilə mövcud problemlərin öhdəsindən gələcəyinə şübhə yoxdur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay