Pandemiya dövründə bankların resursları hansı vəziyyətdə olub? - ŞƏRH
“Pandemiya dövründə bank sektorunda diqqəti çəkən məqamlardan biri də təmərküzləşmənin artmasıdır. Təmərküzləşmə həm bank aktivlərində, həm kredit qoyuluşunda, həm də depozit cəlbində artıb”.
Valyuta.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev, “Bank sektorumuz pandemiya və müharibə dövründə” adlı məqaləsində qeyd edib.
Ekspert ötən il bankların ümumi aktivlərinin həcminin 2% azaldığını, təmərküzləşməsinin isə daha artdığını bildirib.
Ölkənin 5 ən böyük bankının bazar payının 67,2%-dən 72%-ə yüksəldiyini deyən S.Əliyev, bunun son illərin ən yüksək göstəricisi olduğu qənaətindədir:
“Təmərküzləşmənin artmasında əsas rolu aktivlərini əhəmiyyətli dərəcədə artırmağa nail olan Kapital Bank (26,2%) və Paşa Bank (15,6%) oynayıb. Bu banklar bank sektorunda bazar payına görə ölkənin 5 ən böyük banklarından biridir. İlk beşliyə daxil olan digər 3 bankın (Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank, Bank Respublika) aktivlərinin azalması təmərküzləşmənin artmasının qarşısını ala bilməyib”.
Onun sözlərinə görə, depozit qoyuluşunda təmərküzləşmə səviyyəsi 67,8%-dən 71,8%-ə yüksəlib:
“Ümumi depozit qoyuluşunun azalması fonunda iri banklarda depozit artımı təmərküzləşməni gücləndirib. Məsələn, ötən ilin dekabr ayında depozit qoyuluşunda qeydə alınmış 6,1%-lik və ya 1369,8 milyon manatlıq artımın 84,6%-i 4 böyük bankın (Azərbaycan Beynəlxalq Bankı, Paşabank, Kapital Bank və Xalq Bank) payına düşüb.
Kredit qoyuluşu üzrə təmərküzləşmə səviyyəsi 61,4%-dən 67,3%-ə yüksəlib. Ölkə üzrə kredit qoyuluşunun azalmasına rəğmən 5 ən böyük bankın kredit qoyuluşu 422 milyon manat artıb və bu, onların bazar payını artırıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay