Vergi güzəştləri ərzaq təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir – Rəis müavini
“Ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığı üçün ən mühüm anlayışlardan biridir. Bu prinsipin təmin edilməsində ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin, yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ərzaq məhsullarının qiymətlərinin məqbul səviyyədə saxlanmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
Valyuta.az xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyətini şərh edərkən səsləndirib.
Rəis müavini bildirib ki, ölkədə bu məqsədlərə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ərzaq təhlükəsizliyinin bərqərar olmasına əhəmiyyətli təkan verilir:
“Bu tədbirlər sırasına ərzaq istehsalı sahəsində müddətli vergi güzəştlərinin tətbiqi də daxildir və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə bu barədə müddəalar yer alır”.
Onun sözlərinə görə, məcəllədə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdi. Bu azadolmanın müddəti 2021-ci ilin yanvarın 1-də bitib:
“Dəyişikliyə əsasən, bu mallara tətbiq olunan ƏDV-dən azadolma daha 3 il müddətinə artırılıb. Həmçinin kəpəyin istehsalı və satışına tətbiq edilən, 2021-ci il mart ayının 1-nə qədər qüvvədə olan azadolma heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi məqsədilə daha 3 il müddətinə uzadılıb”.
“Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azadolma müddəti 2020-ci ilin yanvarın 1-də başa çatıb” – S. Musayeva diqqətə çatdırıb.
S.Musayeva əlavə edib ki, bu proseslər hazırda da davam etdiyindən azadolma müddətinin daha 2 il uzadılması qərara alınıb:
“Eyni zamanda, publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi üzrə ƏDV-dən azadolma dövrü daha 1 il müddətinə artırılıb”.
Qeyd edək ki, zəruri ərzaq məhsullarına vergi güzəştinin tətbiq edilməsi ölkədə ərzaq təhlükəsizliyinin qorunub saxlanılması baxmından xüsusi əhəmiyyət kəsb edir. Bu azadolma paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən biznesi qorumaq və inkişaf etdirmək üçün istifadə etməyə imkan verir. Vergi Məcəlləsində dəyişikliklər bu sahədə əhəmiyyətli nəticələrin əldə edilməsinə yeni təkan verəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay