Bakıda fəhləlikdən başlayıb, restoran şəbəkəsi quran gənclər - MÜSAHİBƏ/FOTO
18 yaşlarında iki gəncin çox kiçik vəsaitlə uğurlu biznes qurması faktı Azərbaycanda nadir rast gəlinən hadisələrdəndir. Gəncə şəhərindən Bakıya təhsil almağa gələn Sabir Əhmədov və Ülvi Bayramov buna bariz nümunədirlər. Onlar tələbliyin ilk günlərindən əlavə glir əldə etmək üçün fəhlə və kuryer kimi müxtəlif işlərdə çalışmaqla başlasalar da, sonunda kiçik bir yatırımla öz bizneslərini qura və inkişaf etdirə bildilər. Söhbət 2016-cı il oktyabrın 9-da əsası qoyulan, bir neçə ildə artıq kifayət qədər populyarlaşan "XəngəLand" brendindən və restoran şəbəkəsindən gedir. Valyuta.Az-ın əməkdaşı şəriklərdən biri - 23 yaşlı Sabir Əhmədovla görüşərək, onunla biznesi haqqında söhbətləşib.
- Əvvəlcə oxucularımıza özünüz haqqında məlumat verərdiniz.
- Əhmədov Sabir Faiq oğlu. 1998-ci ildə Gəncə şəhərində doğulmuşam. Orta məktəbi Gəncədə bitirdikdən sonra, Bakı şəhərində Azərbaycan Biznes universitetinə daxil oldum.
- Gənc olmağınıza baxmayaraq, öz hesabınıza ictimai iaşə obyekti açdınız. Bu uğura gedən yol necə olub, hansı çətinlikləri adladınız?
- Təbii ki, biz bu yerə birdən-birə gəlməmişik. İlk öncə xırda işlər, avtobusda sürücü köməkçisi, fəhlə, kuryer kimi, işləməyə başladım. Universitetin ikinci kursunda oxuyarkən gəlir əldə etmək üçün şəxsi biznesimizi yaratmaq qərarına gəldik. İlk ağlımıza gələn ideya isə xəngəl restoranı açmaq oldu.
- Niyə məhz xəngəl restoranı?
- Həm dostum, həm də şərikim Ülvi Bayramovla yaşadığımız Səbail rayonunda hazırda daha çox nəyə tələbat var və hansı restoranı açsaq daha yaxşı olar deyə kiçik kiçik bir araşdırma apardıq. Gördük ki, bizim ərazidə xəngəl restoranı yoxdur. İdeya olaraq isə əsas məqsəd ailəvi xəngəl restoranı açmaq idi. Bakıda ilk ailəvi xəngəl restoranını biz açdıq. Çünki Bakı şəhərində fəaliyyət göstərən bir çox xəngəl restoranlarında əsasən kişilər üstünlük təşkil edirdi. Yəni ailə ilə rahat xəngəl yeyə bilinəcək restoran yox idi.
“XəngəLand”i çox kiçik vəsaitlə açdıq. Daha doğrusu, universitetdə illik təhsil haqqı üçün nəzərdə tutulan min manatla. Universiteteə dekabr ayında ödəməli idim. Evdə atama kiçik bir "yalan danışaraq" universitetin büdcəsində pul olmadığını və bu təhsil haqqını daha tez ödəməli olduğumu dedim. Həmin vəsaiti aldım, sonra şərikim və uşaqlıq dostum Ülvi ilə yaxın dost və tanışlardan da bir az borc alaraq ümumilikdə 1650 manatla Səbail rayonu Zərgər Palan küçəsində bir restoranı icarəyə götürüb, "XəngəLand" adlı restoran biznesini qurduq. Əslində bu məbləğlə obyekt açmaq böyük risk idi. Biz bu məbləği batıra da bilərdik. Böyük risk edirdik.
Təsəvvür edin, evdəkilərə belə məlumat vermədən 18-19 yaşlı gənclər restoran açmaq qərarına gəlir. Düşünürəm bunu bacara bildik. Onu da bildirim ki, biz məkanı açanda artıq əlimizdəki məbləğ bitmişdi. Restorana reklam tablosu sifariş vermək lazım idi. Üstümüzdə isə cəmi 70 manat pul var idi. Amma bacardıq. Cəmi 5 masa ilə xidmət göstərməyə başladıq. Amma zaman keçdikcə tələbat artdı və işimizi böyüdə bildik. Belə ki, tələbatın çoxluğunu nəzərə alaraq, daha böyük məkana daşındıq və "İçəri Şəhər" metrosuna yaxın, Mehdi Hüseyn küçəsində yerləşən indiki "XəngəLand" restoranını açdıq. Bu restoran da uğurlu oldu və gəlir gətirməyə başladı. Restoranın sosial şəbəkələrdə piarı məkanın daha da populyarlıq qazanmasına gətirib çıxardı.Tanınmış simalar da bizim məkanı öz səhifələrində paylaşmaqla, daha da çox tanınmağımıza səbəb oldular.
Ötən ilin sentyabr ayında isə Nizami rayonunda restoranımızın filialını açdıq. Bununla da artıq biz rəsmən restoran şəbəkəsinə çevrilmiş olduq.
- Sizcə uğur qazanmağınızın hansısa xüsusi bir sirri varmı?
- Biznes riskləri sevir. Amma risk edərkən hərtərəfli düşünmək lazımdır! Düşünürəm ki, uğur qazanmağın əsas səbəbi məsuliyyətli, düşünülmüş atılan addımdır. Görəcəyin işin ziyanınını qəbul etmək, nə qədər qazanacağını bilmək, mədaxil, məxaric xərclərini hesablamaq önəmli faktordur. Həmçinin, itirmək riski minimuma bərabər olmalıdır. Biz fərqli olmağı sevirik.
- Azərbaycanda adətən şərikli bizneslər ya tez dağılır, ya da uğursuz olur. Siz necə yola gedə bilirsiz?
- Ülvi ilə orta məktəbdən uşaqlıq dostuyuq. Biz həm yaxşı dost, həm də yaxşı şərikik. Bir-birimizi tamamlayırıq, məsləhətləşib addım atırıq. Gələcəkdə isə digər biznes sahələrində də özümüzü sınamq planlarımız var.
Söhbətləşdi: Ülviyyə Mirzəyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay