Alkoqollu içkilərlə bağlı yeni qaydalar bazarda nəyi dəyişəcək? - Deputatdan açıqlama
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qanuni istehsal oluna araqların qiymətinə təsir göstərməməlidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, yeni qaydaların tətbiqində məqsəd alkoqollu içkilər bazarında qeyri-leqal olaraq satışa çıxarılan və insan sağlamlığı üçün zərərli olan məhsulların qadağan olunmasına nail olmaqdır.
“Aparılan monitorinqlər göstərir ki, bu gün spirtli içkilər bazarında xüsusən də insan sağlamlığı üçün ziyanlı olan və qeyri-leqal istehsal edilərək, bazara çıxarılan məhsulların payı az deyil. Bir sıra hallarda alkoqollu içkilərin qiyməti hətta onların aksiz vergisindən belə aşağı olur. Yeni qaydalar spirtli içkilər arasında yalnız arağa tətbiq olunacaq.
Qiymətlərə təsirinə gəldikdə isə, qanunvericiliyə dəyişiklik edildikdən sonra Nazirlər Kabineti tərəfindən qaydalar hazırlanacaq. Həmin qaydalara uyğun olaraq qiymətlərin necə dəyişəcəyini həmin zaman söyləmək mümkün olacaq. Lakin praktik olaraq məhsul istehsalı qanunidirsə və bütün vergilər ödənilirsə, bütün xərclər nəzərə alınırsa, yeni qaydalar həmin məhsullara təsir göstərməməlidir. Çünki qaydalarda məqsəd bazara qeyri-leqal çıxarılan və qiyməti kifayət qədər aşağı olan araqların satışının qarşısını almaq və qanuni zavodlar tərəfindən istehsal olunan araqların satışına nail olmaqdır”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq.
Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.
Qanun layihəsi alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək.
Qanuna dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay