Bakıda keçirilən yüksək səviyyəli görüşdə ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub
Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüş çərçivəsində ərzaq təhlükəsizliyi və kənd təsərrüfatına dair panel müzakirəsi keçirilir.
Valyuta.az xəbər verir ki, panel müzakirələrində kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı sektoru iqlim dəyişikliyi - temperaturun dəyişməsi, yağıntıların norması və ekstremal hava hadisələrinin sayının artması ilə bağlı əhəmiyyətli risklərlə üzləşib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük rol oynadığına görə dövlət aqrar sektorun artımını təmin etmək üçün fəal işləyir:
“Məqsədimiz ölkənin ərzaq təhlükəsizliyini və kənd icmalarının rifahını yaxşılaşdırmaqdır. Xüsusilə, kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu, Azərbaycan üçün də vacibdir. Bütün fermerlər yanaşmalarını dəyişməlidir”.
Nazir müavini vurğulayıb ki, COP29 iqlim konfransından əvvəl qeyd olunan sektorların inkişafı üçün əlavə tədbirlər təqdim olunacaq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin dünya əhalisinin təxminən 10 faizinin aclıqdan əziyyət çəkdiyi səbəbilə qida sektoruna ciddi diqqət yetirməyə çağırıb.
Monteneqronun keçmiş Prezidenti Filip Vuyanoviç panel müzakirələrində çıxış edərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer kimi Azərbaycanın seçilməsinin düzgün qərar olduğunu vurğulayıb:
“Azərbaycan bu sektorda idarəetmə təcrübəsi ilə kömək etmək iqtidarındadır və məncə, bu, COP29 üçün çox maraqlı vəzifə ola bilər. Bu tədbirin keçirilməsində sizə uğurlar arzulayıram və əminəm ki, bu sessiya ən yüksək səviyyədə keçiriləcək”.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) keçmiş Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz əl-Tüveycri əlavə edib ki, tədbir böyük imkanlara malik bir ölkədə keçiriləcəyinə görə COP29 uğurlu olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay