“Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb”
Ötən illə müqayisədə bu il Azərbaycanda çiyələk istehsalı və ixracının həcminin minimum 30-40 faiz artacağı gözlənilir.
Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının (GİİA) sədri Nemət Seyfullayev deyib.
Onun sözlərinə görə, aprelin əvvəlindən çiyələyin istehsalına, təxminən 1 həftə əvvəl isə ixracına başlanılıb. İstehsal və ixracın artmasının əsas səbəbi əkin sahələrinin genişlənməsi və soyuducu depoların sayının çoxalmasıdır: “Bu il giləmeyvələr üçün əlavə 4 yeni soyuducu depo işə başlayıb. Giləmeyvə çox həssas məhsul olduğundan onun saxlanılması çətinlik yaradır. Adi depolar giləmeyvələrin saxlanılması üçün sərfəli deyil, ona görə də xüsusi depoların yaradılmasına ehtiyac duyulur”.
N.Seyfullayev qeyd edib ki, ötən illərdə olduğu kimi, bu il də çiyələyin əsas ixrac bazarı Rusiya olacaq. Cari ildə Rusiya ilə yanaşı, Qazaxıstan, Türkmənistan və digər MDB ölkələrinə, həmçinin, Körfəz ölkələrinə ixrac nəzərdə tutulur: “Bundan əvvəlki illərdə bəzi Körfəz ölkələrinə çiyələk ixrac edilsə də, həcmi az olub. Bu il ixracın həcminin artırılması üçün müvafiq işlər görülür. Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb. Bu istiqamətdə məqsədə çatmaq üçün görüşlər keçirilir, müqavilələr bağlanılır”.
Assosiasiya sədrinin sözlərinə görə, əvvəllər çiyələk əkini ən çox Cəlilabadda aparılırdı, amma artıq Lənkəran, Masallı, Astara və Biləsuvarda da çiyələk əkini sahələri genişlənib: "İstehsal artdıqca ixrac da çoxalacaq. İstehsal artdığı üçün artıq Azərbaycana xaricdən çiyələk, demək olar ki, gətirilmir, istixanalarda öz yerli məhsullarımız istehsal edilir. Hazırda ixrac edilən məhsullar istixanalarda torpaq şəraitində yetişdirilən çiyələklərdir, aprelin sonu-mayın əvvəlindən isə açıq havada yetişdirilən çiyələklərin mövsümü başlayacaq”.
N.Seyfullayev əlavə edib ki, açıq havada çiyələk əkini mövsümü oktyabrın sonunda yekunlaşacaq, qapalı yerlərdə çiyələk əkini isə qış aylarında da davam etdiriləcək. Mayın sonundan böyürtkənin, daha sonra isə moruğun mövsümü başlayacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay