Qida məhsulları ilə bağlı artan narazılıqlar: "Mənşəyi bilinmir, gizlədilir..."
Zaman-zaman bəzi qida məhsullarının tərkibi ilə bağlı narazılıqlar səsləndirilir. Qeyd olunur ki, nə yediyimiz, nə içdiyimizlə əlaqəli dəqiq məlumatımız yoxdur. Digər ölkələrdə məhsulun tərkibini analiz edən laboratoriyalar var. Həmçinin, məsələn ABŞ-də müəyyən tətbiqlər var ki, qida məhsulunun QR kodunu oxutmaqla tərkibində hansı zərərli məhsulun olduğu bəlli olur.
Azərbaycanda da müstəqil qida laboratoriyalarının fəaliyyətinə ehtiyac varmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hər bir istehlakçının beynəlxalq və yerli hüquqlarından biri mal haqqında səhih informasiya almaqdır:
“Məsələn, bəzi spred yağ məhsullarının tərkibində bitki yağı olduğu yazılır. Amma bunun mənşəyi bilinmir, yəni, hansı bitki yağı olduğu bəlli deyil. Bu kimi məhsulların bəzilərinə palma yağı qatışdırılır, lakin nədənsə gizlədilir. Laboratoriyalarla bağlı isə istehlakçılardan bir sıra zənglər alırıq. Ölkədə müstəqil laboratoriyalar mövcuddur. Lakin qanunvericiliyimiz elə qurulub ki, dövlət istisna, istənilən laboratoriyanın verdiyi sənədin heç bir hüquqi əsası yoxdur. Biz dəfələrlə məhkəmələrdə olmuşuq, belə sənədlər ortaya qoysaq da, təəssüf ki, qəbul edilməyib”.
Müsahibimiz bildirib ki, müstəqil laboratoriyalar genişləndirilməlidir və onların verdiyi sənəd hüquqi qüvvəyə malik olmalıdır:
“Bu, yox dərəcəsindədir. Ona görə də istehlakçılar daim məndən soruşur. Mən isə onları AQTA-ya yönləndirirəm, lakin qurum analizləri yüksək qiymətə edir. Hələ özlərinin sertifikat verdiyi müəssisənin malı haqqında mənfi informasiyanın verilib-verilməməsi isə sual altında olan məsələdir. Bu, ölkəmizdə problem olaraq qalır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay