Qida
17.04.2022 / 17:27
BMT-dən həyəcan təbili: Bu, qlobal ərzaq fəlakətinə səbəb olacaq
21327
Qara dənizdəki Ukrayna limanlarının bağlanması dünyada aclığa, kütləvi miqrasiyaya və siyasi qeyri-sabitliyə, qlobal ərzaq fəlakətinə səbəb ola bilər.
Qaynarinfo "The New York Times”a istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın şərqində və cənubunda hərbi hücuma hazırlaşması fonunda BMT bununla bağlı xəbərdarlıq edib.
Ukraynanın anbarları bir ildə dünyada 400 milyon insanın qidalanmasına yetəcək qədər taxılla doludur. Lakin təchizat zənciri Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində pozulub və limanlar normal fəaliyyət göstərə bilmir.
Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı direktoru Devid Bisli danışıb. O, Ukraynada 4 günlük səfərdə olub, Rusiyanın işğalı altında olan şəhərlərdə və digər ərazilərdə olan təxminən 1 milyon ukraynalıya ərzaq çatdırmağın yollarını və qlobal ərzaq bazarları üçün daha geniş təhlükəni araşdırıb.
BMT: "Bloku açmasaq, bütün dünya bunun əvəzini çox ağır ödəyəcək"
Bislinin sözlərinə görə, Kreml, BMT-nin Rusiyanın gözlənilən hücumu ilə təhdid edilən Qara dəniz sahilindəki Odessa, Çernomorsk, Yujnı və Nikolayev limanları vasitəsilə ərzaq tədarükünün təhlükəsizliyilə bağlı narahatlıqlara cavab verməyib.
"Biz heç bir irəliləyiş əldə etməmişik. Beynəlxalq ictimaiyyət prosesə daxil olmalı və limanları humanitar məqsədlər üçün qorumaq və bütün dünyaya açmaq üçün çox ciddi qərarlar qəbul etməlidir. Çünki bloku açmasaq, bütün dünya bunun əvəzini çox ağır ödəyəcək".
Bisli əlavə edib ki, müharibələr, quraqlıqlar və COVID-19 pandemiyasınşın yaratdığı itkilər səbəbindən 38 ölkədə təxminən 45 milyon insan aclıq astanasındadır. Rusiyanın Ukraynaya hücumu nəticəsində ərzaq qiymətlərinin artması, həmçinin yanacaq və daşıma xərclərinin ac insanların sayını artırması və BMT-nin onlara yardım etmək imkanlarını məhdudlaşdırması ehtimalı var.
İcraçı direktor bildirib ki, BMT-nin ərzaq proqramının əməliyyat xərcləri ayda 71 milyon dollar artıb: "Bu o deməkdir ki, biz yalnız artan xərclər səbəbindən ildə 4-5 milyon daha az insanı qidalandıracağıq".
Devid Bisli
O, varlı ölkələri və milyarderləri işə qoşulmağa, təxminən 8 milyard dollarlıq maliyyə çatışmazlığını aradan qaldırmağa kömək etməyə çağırıb.
Devid Bisli: "Sizi aclıq və ölüm gözləyir. Bir neçə ölkədə sabitlik pozulacaq və kütləvi miqrasiya olacaq"
Daha narahatedici təhlükə qlobal ərzaq bazarlarına uzunmüddətli çağırışdır. Bisli bildirib ki, müharibə dayandırılsa, ukraynalı fermerlərin hələ də dünyakı ac insanları doyurmağa kömək edəcək məhsul yığmaq imkanı var. Lakin Ukraynanın cənub limanları və Qara dənizdəki gəmi yolları Rusiya ordusu tərəfindən blokada da qalsa, bu baş verməyəcək.
Bisli G7 liderlərini və digər hökumətləri Ukraynadakı mümkün ərzaq itkisini qismən kompensasiya etmək üçün istifadə olunmamış kənd təsərrüfatı torpaqlarını əkməyə çağırıb.
Eyni zamanda o, qlobal ərzaq bazarında qıtlığın yaranmasının və ərzaq qiymətlərinin daha da kəskin artmasının yoxsul ölkələr üçün fəlakət olacağı barədə xəbərdarlıq edib:
"Sizi aclıq və ölüm gözləyir. Bir neçə ölkədə sabitlik pozulacaq və kütləvi miqrasiya olacaq".
QEYD: Bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Ukraynada müharibə bəşəriyyətin əhəmiyyətli bir hissəsini aclıq və yoxsulluğa məhkum edə bilər. Onun fikrincə, qlobal aclıq və fəlakət Yer kürəsinin 20 faizini əhatə edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay