Dünya çətin sınaq qarşısında: Təkcə bahalaşma deyil, ərzaq qıtlığı da yaranır
"Dünya sadəcə qiymət artımı ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq”.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dünya ərzaq bazarında qiymət artımı son günlər daha da sürətlənib. Millət vəkili qeyd edib ki, artıq ərzaq qıtlığı hiss olunmağa başlayıb:
“Artıq bir sıra ölkələr ərzaq qıtlığı problemi ilə də qarşılaşır. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. Müharibə 68 milyard 240 milyon dollarlıq illik ixracatı olan Ukraynanın eksport imkanlarını praktik olaraq minimumlaşdırıb. 332 milyard 200 milyon dollar illik ixracatı olan Rusiyanın bir sıra ərzaq məhsullarının yalnız daxili istehlaka yönəltməsi də qlobal bazarda təklifi azaldıb. Ərzaq tələb isə artmaqda davam edir”.
Deputat bildirib ki, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar:
“Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyırdı. Düzdür, söhbət sadəcə 88.3 milyon dollarlıq ərzaq ixracatından gedir. Bu Azərbaycanın ümumi qeyri-neft ixracatının cəmi 3.3 faizini təşkil edir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı ümumi ixracata xüsusi təsir etməyəcək. Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi”.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, vəziyyət ərzaq məhsullar üzrə idxaldan asılılığın aradan qaldırılmasını daha priortitetləşib:
“Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Bu baxımdan da, xüsusən strateji ərzaq məhsulların yerli istehsalının genişləndirilməsi və xüsusən işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay