Bakının mərkəzinə hesablanan qərar qəsəbələrdə problem yaradıb
Yük maşınlarının axşam saat 10-a kimi Bakıya girişinin qadağan edilməsi yayda su təminatını çənlərlə ödəyən ətraf qəsəbələrdə vəziyyəti çətinləşdirib.
Kənd sakinləri, o cümlədən su maşını sürücüləri üzləşdikləri problemlə bağlı “Qafqazinfo”ya müraciət ediblər. Vətəndaşlar bildirir ki, qəsəbələrdəki məlum içməli su problemi yay aylarında daha da qabarıq görünür. Sakinlərin yeganə çıxış yolu isə maşınlarla öz hesablarına su almaqdır.
Kəndlərə gündəlik su daşıyan yük maşını sürücüsü Mirsalam Məlikov deyir ki, bir neçə gün əvvəl gündüz saatlarında Bilgəhdən Nardarana gedərkən 40 manat cərimə edilib. Səbəb də icazə verilməyən saatda yük maşını ilə yola çıxmasıdır: “Bilgəhdən Nardarana qəsəbəiçi yolla getmək niyə qadağan olmalıdır ki? Camaat susuzdur. Çəndə su qəfil bitir, qalırsan pis vəziyyətdə… Bir tərəfdən 40 dərəcə isti, digər tərəfdən də qoca var, xəstə var, axşama kimi hamı gözləyə bilmir. Bəli, razıyıq, mərkəz yola çıxışa qadağa olsun, amma kəndlərarası yollarda bu qadağanı düzgün hesab etmirik”.
Nazirlər Kabinetinin ötən il qəbul etdiyi qərarda deyilir ki, 2022-ci ilin 27 oktyabr tarixindən etibarən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağan edilir. Qərarın icrası da polisə həvalə edilib.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bele hesab edir ki, Nazirlər Kabinetinin sözügedən qərarı yarımçıqdır. Ekspertin sözlərinə görə, əslində bu qərarın qəbulu ona hesablanıb ki, yalnız paytaxtın mərkəzi hissəsində yük maşınlarının hərəkəti məhdudlaşdırılsın:
“Qərarda ciddi anlaşılmazlıqlar var və əlavə izah tələb edir. Prezidentin hələ 2007-ci ildə qəbul etdiyi sərəncamda deyilir ki, yük avtomobillərinin Bakı şəhərinə zamana görə girişi məhdudlaşdırılsın. Amma sərəncamda Bakı şəhəri dedikdə yalnız Bakının özü, yəni qəsəbələrsiz nəzərdə tutulub. Qərarın Nardarana, Bilgəhə, Şüvəlana və ya Pirşağıya heç bir aidiyyəti yoxdur. Belə çıxır ki, Ələtdən bəri yük maşını buraxılmamalıdır? Hesab edirəm ki, bu qərarın icrası ilə bağlı polisə və əhaliyə əlavə məlumat verilməlidir. Burada dəqiq bir sxem müəyyən edilməlidir ki, konkret olaraq hansı ərazilərə giriş qadağan edilir”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərlinin sözlərinə görə polis bu məsələdə icraedici funksiya daşıyır:
“Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizli Komissiyasının qərarında konkret olaraq Bakı şəhərinin nəzərdə tutulduğu deyilir. Yəni orada qəsəbələrə giriş olar, mərkəzə olmaz deyə qeyd yoxdur. Qərar qəbul edilib, polis də icra etməyə borcludur”.
Ekspertin sözlərindən aydın olan odur ki, qərara dəyişikliklər şərtdir. Polisin isə mövqeyi aydındır. Qanun necə deyirsə, elə də icra olunmalıdır. Görünən isə odur ki, məsələ kökündən həll olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay