"Konstitusiya Məhkəməsinin bu tövsiyyəsi cahillikdir" (ŞƏRH)
“Konstitusiya Məhkəməsinin bu tövsiyyəsi cahillikdir, qorxaqlıqdır. Tövsiyyəni hamımız verə bilərik. O zaman bizimlə Konstitusiya Məhkəməsi arasında fərq olmaz”.
Bu sözləri Valyuta.az-a hüquqşünas Əkrəm Həsənov Konstitusiya Məhkəməsinin nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması barədə Milli Məclisə tövsiyəsini şərh edərkən deyib.
Hüquqşünas bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı bir sıra qərarları kimi təəccüblü və acınacaqlı haldır:
“Çünki Konstitusiya Məhkəməsinin Milli Məclisə tövsiyyə xarakterli bir sıra qərarları var. Konstitusiya Məhkəməsi Konstitusiyaya və beynəlxalq praktikaya əsasən, hüquq nəzəriyyəsinə görə qanunlara şərh verən orqandır”.
Əkrəm Həsənov bildirib ki, etibarnamə mahiyyəti üzrə kiminsə avtomobil idarə etməsi üçün deyil:
“Etibarnaməni bir nəfər digərinə onun əvəzinə əqt, müqavilə bağlamaq üçün verir. Etibarnamənin mahiyyəti budur. Bu özgəsinin əşyasının istifadəsidir. Bunun üçün istifadə müqaviləsi, icarə müqaviləsi var. Bu tam anlaşılmazlıqdır. Kiminsə etibarnaməsi yoxdursa, bu qanun pozuntusu deyil. Bir çox ölkələrdə avtomobili idarə etmək üçün əsas məsələ sürücünün icazəsi olmasıdır. Avtomobil idarə etmək üçün icazən varsa, məsələ bununla tamamlanmalıdır”.
Nəqliyyat məsələsi üzrə ekspert Yasin Mustafa isə deyir ki, dünya təcrübəsində etibarnamə ilə bağlı tələblər bir çox ölkələrdə yoxdur:
“Bizdə isə ailə üzvləri də bir-birinin maşınlarını sürəndə də etibarnamə tələb olunur. Bu isə doğru deyil. Zatən əgər icazəsiz sürmə, oğurluq varsa, cinayət tərkibi də var. Etibarnamənin olub-olmaması məsələni həll etməyə kömək etmir”.
Ekspertin sözlərinə görə, etibarnamələr ciddi çətinlik yaratdığı üçün ləğv edilməlidir:
“İnsanlarda narazılıq yaradır. Məsələn, evlilik dövründə alınan avtomobilə hir iki şəxsin mülkiyyət hüququ olur. Amma deyirlər ki, bu əmlak məsələsidir, mülkiyyət hüququdur, idarə etmə hüquq deyil. Etibarnamələr süni əngəldir. Doğrudur, indi qaydalar bir qədər asanlaşdırırlıb, məsələn elektron qaydada verilə bilir, lakin bəzən alınmır. Bu da insanların əlavə vaxt, pul itkisinə səbəb olur”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay