Paytaxtın nəqliyyat sistemi bir mərkəzdən idarə olunmalıdır - Ekspert
"Narahatlığın və qaranlıq məqamların aradan qalxması üçün Bakının nəqliyyat sistemi bir mərkəzdən idarə olunmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli sərnişindaşıma şirkətlərinin gediş haqqını qaldırmaqla bağlı Tarif Şurasına ünvanladıqları müraciətə münasibət bildirərkən deyib:
"Xarici ölkələrin, məsələn qonşu Türkiyənin təcrübəsinə baxanda görərik ki, nəqliyyat sistemi böyük şəhər bələdiyyələrinin tərkibində olur. Bu da idarəetmə və qiymətqoyma siyasətini asanlaşdırır. Azərbaycanda isə bu sahədə pərakəndəlikdir. Vahid mərkəzdən idarə olunmayan özəl və dövlət şirkətləri, Metropoliten var. Bu isə izafi xərclərə səbəb olur. Buna görə də burada ümumi mərkəzi idarəetmə formasının yaradılmasına ehtiyac vardır. Yaxşı olardı ki, böyük şəhər bələdiyyəsi yaradılsın və şəhərin bütün nəqliyyat sistemi onun tərkibində olsun. Bu baş verərsə, qiymətlərin müəyyənləşməsi də asanlaşar. Bəzi ölkələrdə 1 aylıq, 6 aylıq, 1 illik gediş haqları fərqli olur”.
Ekspert onu da bildirir ki, qiymətlərin artırılmasını təklif edən şirkətlər ilk növbədə maya dəyərinin və xərclərinin hansı istiqamətdə artması ilə bağlı ictimaiyyətə məlumat verməlidir:
"Yanacağın qiyməti ilin əvvəlindən bəri dəyişməyib. Ona görə də hansı əsaslarla gediş haqqını qaldırmaq istədiklərini əsaslandırmalıdırlar. Yəni bu istiqamətdə açıqlama vermək azdır. Bunu izah etmək lazımdır. Sərnişindaşımada özəl şirkətlər olsa da, onbların böyük hissəsi dövlətə məxsusdur. Təəssüf ki, ölkəmizdə qiymət artımı ilə bağlı çağırışların əsaslandırılması olmur. Bu da kifayət qədər ciddi suallar doğurur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay