Quba Avtovağzalı satılır? (FOTOLAR)
Qubanın “Yeni Avtovağzal” adlanan avtovağzalının ərazisi satışa çıxarılıb.
Satışla bağlı elan sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda göstərilib ki, təxmini ərazisi 1 hektar olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır.
Məsələ ilə bağlı “Report”un Şimal bürosuna açıqlama verən elan sahibi Həmid Mirzəyev satış haqqında elanı özü verdiyini və satışa çıxarılan əmlakın qiymətinin 600 min manat olduğunu qeyd edib.
O həmçinin əlavə edib ki, əmlakın sənədləri tam qaydasındadır: "Hazırda həmin ərazi avtovağzal üçün icarəyə verilib, ərazi satılan kimi avtovağzal oradan köçürüləcək".
Quba Avtovağzalının direktoru Fikrət Yunusov isə “Report”a açıqlamasında bildirib ki, avtovağzalın satılması ilə bağlı məsələ yoxdur və yayılan elan doğru deyil:
“Düzdür, bura qanuni icarədə olan əmlakdır. Amma, buranı heç kim heç kəsə satmır. Avtovağzal da heç bir yerə köçürülmür, öz fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, “Report”un araşdırmasından sonra Quba Avtovağzalının satılması ilə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş elan silinib.
Məlumat üçün bildirək ki, 2011-ci ildə istifadəyə verilmiş Quba Avtovağzalı Kompleksinin ərazisinin ümumi sahəsi 12 380 kv metrdir. Kompleksin iki mərtəbəli inzibati binasının ərazisi isə 700 kv metrdən çoxdur. Binanın birinci mərtəbəsində kassa, gözləmə zalı və kafe, ikinci mərtəbədə isə konfrans zalı və digər inzibati otaqlar var. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay