Avtovağzal ətrafında daha tıxac olmayacaq
Bakı Şəhər Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu, Bakı avtovağzalı ətrafında qanunsuz taksi fəaliyyəti ilə məşğul olan və avtomobillərini yolun hərəkət hissəsində saxlayan sürücülərə qarşı reyd keçirib.
Mənim hazırda dayandığım ərazi, bir neçə gün öncə nəinki avtomobillər, hətta piyadaların belə güc-bəla ilə hərəkət etdiyi bir yerə çevrilmişdi. Çünki burada qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan insanlar vardı. Hansılar ki, yolun hərəkət hissəsində maşınlarını saxlayırdılar və bu da tıxaca səbəb olurdu. Bəli, doğru anladınız, bura avtovağzal ətrafı ərazidir. Hazırda polis əməkdaşları məsələ ilə bağlı tədbir görür, yolun hərəkət hissəsində dayanan maşınlara qarşı reydlər həyata keçirir.
DİN-in mətbuat xidmətinin əməkdaşı deyir ki, əraziyə cəlb edilən polis əməkdaşlarının keçirdiyi reyddən sonra yol boyu yaranmış süni tıxac aradan qaldırılıb: “Hazırda olduğumuz yer Binəqədi rayonu ərazisindədir. Avtovağzalın ətrafında, bəzi hallarda rayona sərnişin daşıyan nəqliyyat vasitələrini sürücülər yolun hərəkət hissəsində saxlayırdı və bu da digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə törədirdi. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınıb. Nəzərinizə çatdıraq ki, burada 24 saat polis əməkdaşları xidmət göstərir. Mümkün tıxacın qarşısının alınması üçün zəruri tədbirlər görülür”.
Nurlan Əliyev eyni zamanda sürücüləri narahat edən bəzi sualları da cavablandırıb: “Taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi ərazilər ayrılıb. Bakı şəhərində bu cür ərazilər kifayət qədərdir. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər də bu qaydalara mütləq şəkildə əməl etməlidir”.
Qeyd edək ki, paytaxt ərazisində sərnişin, piyada və avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.//APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay