Laçın Hava Limanı haqqında: Bölgədə iqtisadi üstünlüklərə malik olacaq
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza son səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olmaqla yanaşı, bütövlükdə çətin reliyefdə inşa edilən hava limanı baxımından da fərqlənəcək.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov söyləyib.
Deputat, oxşar relyefə malik hava limanlarının Nepal, Portuqaliya, Bhutan və az sayda ölkələrdə fəaliyyət göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, Laçında inşa edilcəcək hava limanında uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq və 6 təyyarə dayanacağının inşası planlaşdırılır:
“Aeroport Laçın şəhərindən 30, Kəlbəcər şəhərindən 60, Şuşa şəhərindən isə 70 kilometr uzaqlıqda yerləşəcək. Gözlənilir ki, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək imkanlarına malik olacaqlar.
Laçın Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə hərbi və strateji əhəmiyyəti ilə yanaşı iqtisadi üstünlüklərə də malik olacaq. Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib”.
Hazırda sözügedən iqtisadi rayonun Azərbaycan iqtisadiyyatında payının cəmi 0.1 faiz olduğunu deyən deputat əlavə edib ki, işğal dövründə 4 rayonu əhatə edən bu bölgəmiz cəmi illik 97 milyon 838 min manatlıq məhsul edib:
“Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Bununla belə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir. Bu isə illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir”.
Ekspert düşünür ki, digər tərəfdən, aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə turizm potensialının artırılmasına səbəb olacaq:
“Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrimizdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Şərqi Zəngəzur ən qədim insan məskənlərindən biri hesab olunur və bu da son dekadalar məşhur olan tarixi turizmin inkişafını stimullaşdırır. Bu baxımdan, həmin rayonlarımıza kifayət qədər çoxlu sayda turistlərin gələcəyi gözlənilir və bu da strateji əhəmiyyət daşıyan Laçın hava limanının rentabelli işləməsinə şərait yaradacaq”.
Vüqar Bayramov əlavə edib ki, bütövlükdə Şərqi Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensialı var və bu, qeyri-neft sektorunda yeni məhsulların istehsalına imkan verəcək:
“Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək üçün, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara çıxarılması baxımından da yeni aeroportun inşasına ehtiyac var idi”.
Qeyd edək ki, Laçın Hava Limanının 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay