Bakı metrosunda yeni qatarların sayı 95-ə çatdı
Bu gün Bakı metropolitenində hər biri 5 vaqondan ibarət olan müasir tipli daha 4 yeni qatar tərkibi xəttə buraxılıb.
“Bakı Metropoliteni” QSC-dən bu barədə Valyuta.az-a bildirilib ki, bununla 2019-cu ilin oktyabr ayında Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin 3 il ərzində Bakı metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır.
Qeyd edək ki, sərnişin rahatlığı baxımından vaqonlar kondisioner, yerli şəraitə uyğunlaşdırılmış mikroiqlim nəzarəti sistemlərinə malikdir. Bu sistem havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Ultrabənövşəyi lampalar havadakı zərərli hissəcikləri sürətlə məhv etməyi bacarır. Sərnişinlər elektron qurğularını vaqonlardakı USB portlar vasitəsilə doldura bilərlər.
Vaqondan-vaqona birbaşa keçidlər sərnişin rahatlığı baxımından əhəmiyyətlidir. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırır, sərnişinlərin, eləcə də havanın salonlarda bərabər paylanmasına xidmət edir. Bu, həm də qatarın tutumunu 15 faiz artırır.
Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonunku isə 329 nəfərdir. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemlərindən ibarətdir.
Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatıb. Yeni gətirilmiş qatarlar, əsasən, “Həzi Asalnov-Dərnəgül” sahəsi boyunca hərəkət edəcək.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay